Paşinyan: Ermənistan-Azərbaycan dəmir yolu və Türkiyə sərhədi açıla bilər

Paşinyan: Ermənistan-Azərbaycan dəmir yolu və Türkiyə sərhədi açıla bilər
17:29

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ilk dəfə keçirilən “Ermənistan – Böyük Britaniya 2026” biznes forumunda çıxış edib.

News365.az xəbər verir ki, Paşinyan Ermənistan və regionun Azərbaycanla sülhün bərqərar olması ilə bağlı transformasiya mərhələsində olduğunu bildirib.

Baş nazir TRIPP layihəsinin (Zəngəzur dəhlizi) praktiki icrasına keçidlə bağlı gündəlik iş aparıldığını deyib. Onun sözlərinə görə, bu layihə yalnız Ermənistanın deyil, bütün regionun iqtisadi mühitinin dəyişməsində mühüm rol oynayacaq.

“Artıq bu gün Ermənistana investisiya marağının müəyyən qədər artdığını hiss edirik. Aydındır ki, bu layihə öz növbəsində yeni layihələrin yaranmasına gətirib çıxaracaq və Ermənistanın, eləcə də regionumuzun investisiya cəlbediciliyi artacaq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, TRIPP layihəsinin inkişafı ilə paralel olaraq yaxın perspektivdə Ermənistan-Türkiyə sərhədinin açılması, həmçinin Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqəsinin yaradılması gözlənilir.

Baş nazir bildirib ki, paralel olaraq neft və qaz kəmərlərinin, eləcə də elektrik enerjisi xətlərinin tikintisi imkanları müzakirə olunur.


Sizin reklam burada
Sizin reklam burada