1 qəpik gedişhaqqı necə tətbiq olunacaq? - RƏSMİ

1 qəpik gedişhaqqı necə tətbiq olunacaq? - RƏSMİ
11:10

Bundan sonra avtobuslardan istifadə edən bəzi sərnişinlər hər 4 gedişdən birinə cəmi 1 qəpik ödəyəcək.


Bəs, bu güzəştdən kimlər istifadə edə bilər?

News365.az xəbər verir ki, mövzu ilə bağlı “BakıKart” MMC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq “BakıKart” və “Mastercard”-ın birgə həyata keçirdiyi yeni kampaniya çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gedişə görə cəmi 1 qəpik ödəyəcəklər deyib.

“Kampaniya Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirilən təmassız (NFC) ödənişlərə şamil olunur. Eləcə də Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu bütün ictimai nəqliyyat vasitələrini əhatə edir.

Kampaniyanın şərtlərinə əsasən, sərnişinlər üç gedişi standart tariflə etdikdən sonra dördüncü gediş üçün güzəşt əldə edirlər. Həmin gediş zamanı kart hesabından cəmi 0,01 AZN tutulur.

Qeyd edək ki, güzəştdən yararlanmaq üçün dörd gedişin eyni gün ərzində edilməsi tələb olunmur. Gedişlər müxtəlif günlərdə həyata keçirilə bilər.

Bir kart üzrə təqvim ayı ərzində maksimum 5 dəfə 1 qəpiklik gediş imkanından yararlanmaq mümkündür.

Üç gediş tamamlandıqdan sonra əldə edilən güzəştli gediş hüququndan 30 gün ərzində istifadə edilməlidir”.

Bəs, layihənin tətbiq sahələri hansı əraziləri əhatə edir?

Qurumdan bildirilib ki, layihə bütövlükdə bütün Abşeron yarımadasını əhatə edir:

“Nəinki Bakı, eyni zamanda şəhərətrafı ərazilərdə yaşayanlar da bu fürsətdən yararlana biləcəklər. Bu təşəbbüs ictimai nəqliyyatda təmassız ödənişlərin təşviqinə, sərnişinlərin gündəlik nəqliyyat xərclərinin azaldılmasına və daha sərfəli ödəniş imkanlarının yaradılmasına xidmət edir”.

Sizin reklam burada
Sizin reklam burada