“Maliyyə
Nazirliyinin 2025-ci ilin 9 ayında dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatlardan
biri də DGK xətti ilə dövlət büdcəsinə daxilolmalarının azalması ilə bağlıdır. Belə ki, bu ilin yanvar–sentyabr aylarında DGK
xətti ilə büdcə daxilolmaları 4 milyard 748 milyon manat təşkil edib ki, bu da
ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, proqnozdan isə 1,6% azdır”.
Bunu News365.az -a açıqlamasında iqtisadçı Eldəniz
Əmirov deyib. O bildirib ki, azalmanın səbəbləri barədə DGK-ın hər hansı
açıqlaması olmadığı üçün azalma ilə bağlı yalnız ehtimal olunan izahları qeyd
etmək mümkündür:
“Ən çox
ehtimal olunan səbəb kimi idxal həcmlərinin azalmasını qeyd etmək olar. Adətən
iqtisadi inkişaf mərhələsindəki ölkələrdə idaxl azalırsa bunun səbəbi, qlobal
bazarlarda qiymətlərin stabilləşməsi, yerli istehsalın artması və bəzi məhsullar
üzrə idxal əvəzlənməsi olur. İdxalın azalmasının digər səbəbi isə iqtisadi yox,
inzibati faktorlarla bağlı olur. Məsələn büdcə xərclərinə nəzarətin gücləndirilməsi
məqsədilə inzibati tənzimləmələrlə əlaqələndirilə bilər.
Gömrük daxil
olmalarının azalmasılnın nəzəri olaraq ikinci səbəbi manatın sabit məzənnəsi şərtləri
daxilində ticarət strukturundakı dəyişikliklər ola bilər. Yəni idxalda dəyəri
yüksək, amma gömrük rüsumu aşağı olan malların payı arta bilər.
Eyni zamanda
gömrükdə güzəştlərinin geniş tətbiqi də nəzəri olaraq daxil olmaları azaldan səbəb
kimi qeyd etmək olar. Bu güzəştlər xüsusilə işğaldan azad edilmiş ərazilər,
azad iqtisadi zona və sənaye parkları çərçivəsində icra edilir.
Amma həm də
bu azalma qısamüddətli tendensiya da ola bilər. Belə olarsa, ticarət dövriyyəsinin
növbəti aylardakı dinamikası ilə göstəricilərin yenidən artması ehtimalı vardır”.
News365.az