Bəzən dəfn zamanı mərhumun vəsiyyətinə yaxud incəsənət nümayəndəsi olmasına əsasən musiqidən istifadə olunur. Adətən aşıqlar vəfat edəndə dəfn zamanı saz ifa olunur. Yaxud folklorumuza, ədəbiyyatımıza, incəsənətimizə, ozan-aşıq sənətinə vurğun ağsaqqallar dünyadan köçərkən saz çalınmasını vəsiyyət edirlər. Bir ilahiyyatçı - dinşünas, eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin üzvü kimi mənə də belə vəsiyyətlərdə bulunanlar olub...
Əski dinlərdə belə detallar vardı. Adətən xristian dininə mənsub insanların son mənzil yolçuluğu zamanı musiqi müşaiyətini çox görmüşük. Üstəlik kilsə ayinləri, dualar zamanı da həzin musiqidən istifadə olunur. Bəzi Afrika ölkələrində hətta tabutu oynaq musiqi sədaları altında rəqs edərək yola salırlar. Hər xalqın, coğrafiyanın əski inancına uyğun da adətləri var.
Ümumiyyətlə musiqi haram deyil. Xüsusən də dəfn zamanı ifa olunan musiqi. Ancaq hər haram olmayan işi də icra etmək olarmı? Məsələ burasındadır ki, İslam dinində dəfn qaydaları arasında musiqi yoxdur. İslam dini, qaydaların sağlam qalması və təhrif olunmaması üçün qondarılmış əlavələri bidət adlandırır. Yəni, hər xalq, hər millət, hər qövm dinə öz adətlərindən bircə detal qarışdırda o din təhrif olunaraq öz ümumbəşəri mahiyyətini itirər. Ona görə də musiqi ilə dəfn məsələsi ənənəyə çevrilməməlidir.
İstisna hallarda, vəsiyyət etmiş adamlar üçün həyata keçirilən bu cür dəfnləri də hay-həşirlə qarşılamaq, guya dinin əleyhinəymiş kimi qələmə vermək lazım deyil. Dinin tələb etdiyi ayinlər, vacibatlar həyata keçirilir, lakin vəsiyyətin də icra edilməsinin vacibliyi nəzərə alınaraq qısa bir musiqi ifa olunur. Doğrudur, vəsiyyət haram işlərin icrası barədə olarsa buna yol verilmir. Lakin qeyd etdik ki, musiqi haram deyil.
Mərhum Xalq şairimiz Zəlimxan Yaqub, Xalq aşığı Ədalət Nəsibov və başqa bir çox məşhur şəxsiyyətlərin dəfni zamanı saz ifa olunub.
Saz və aşıq sənəti, aşıq musiqisi başqa musiqilərlə qarışdırılmamalıdır. Saz təkcə musiqi aləti deyil. O bir millətin tarixi simvoludur. Dədə Qorqud qopuzla öyüd verib. Koroğlu sazla meydan oxuyub. Saz başqa alətlər kimi yalnız eyş-işrət məclislərində şənlənmək üçün istifadə olunmayıb. Öyüd, nəsihət, ustadnamə, dastan söyləmək üçün ozanlarımızın nitqini, çıxışlarını müşaiyət edib. İndi bəzi təlxəklər sazı ucuzlaşdırıb adiləşdirməyə çalışırlar. Amma saz öz sanbalını, ağırlığını, ecazını qoruyur.
Saz havaları təbiətin və həyatın təbii harmoniyası ilə insanın daxili aləminin ifadə edə bilmədiyi xəzinələri izhar etmək üçün yaranıb. Havalar not üzərindən bəstələnməyib. Saz havaları indi də nota köçürülmür, notla öyrənilmir. Texniki qaydalardan fövqdə durduğunu bir daha sübut edir.
Dində insanı mənfi hisslərə sövq edən, dünyanın şəhvani həvəslərinə təşviq edən musiqilər və musiqi alətləri qadağan edilir. Saz sənətinin ehtiva etdiyi havalar isə hərəsi bir simfonik əsərdir, mənəviyyat dənizidir. O havaların ruhunda, mahiyyətində tariximiz, salnamələrimiz, dastanlarımız, keçmişimiz yaşayır. "Ruhani" havasının ilahi ecazını dərk etməyən ruhsuz adam əlbəttə bundan bir şey anlamaz. "Yanıq Kərəmi" də iki aşiqin timsalında baş verən hicran - vüsal təntənəsini başa düşməyən, ali sevginin ilahi təcəlladan od tutub alov-alov ərşə qalxdığını dərk etməyən, hüznlə şövqün, firqətlə vüslətin çulğalaşıb nəfsi istəkləri rədd edərək insanı mələkuti ənginliklərə qovuşdurduğunu qanmayan kəs əlbəttə o havaya yalnız toyda hoppanıb - düşmək vasitəsi kimi ucuz baxacaq...
Ruhun ani olaraq cismə təmasını yaxud da cismi tərkini asanlaşdırmaq üçün ulular Ruhani ifa ediblər. Bu hava ruhla əlaqəlidir. Saz havaları sözün, kəlamın, dilin gücü çatmadığı həqiqətin, mahiyyətin kodlaşdırılmış, şifrələnmiş ifadəsidir. Havaların dili, səhifələri, ifadə etdiyi mənalar var. Bu mənanın ifadəsi müxtəlif vaxtlarda müdrik insanların vəsiyyəti əsasında həyatdan köçəndə təzahür edib.
Hər halda ümumiləşdirib adət halına salmadan, bayağılaşdırmadan, dinə xələl gətirəcək həddə çatdırmadan vəsiyyət əsasında ifa edilə bilər.
Tural İrfan, AYB-nin üzvü