Türk çörəyinin tək allahlıq anlamı

Türk çörəyinin tək allahlıq anlamı
08 Sen 2025 09:29
Azərbaycanda son bir neçə ildə Osmanlı dövründə hazırlanan və bu gün də Türkiyədə bişirilən baton tipli türk çörəkləri təlabata uyğun olaraq satışda var.
Türk baton çörəyinin fərqli olması onun ortasında olan kəsimdir və dünyanın harasına getsəniz bu cür ortası olan çörəyi görsəniz əmin olun ki, onu türk çörəkbişənlər hazırlayırlar.
Bu kəsmənin xüsusi mənası və qədim tarixi var. Bu Osmanlı Sultanı Orxan Qazi ilə bağlıdır.
İkinci Osmanlı hökmdarı Sultan Orxan Qazi 16 aprel 1326-cı ildə Bursa şəhərini paytaxt elan elədi.
O, şəhəri müsəlman dünyasının mədəniyyət mərkəzinə çevirmək arzusunda idi: möhtəşəm məscidlər tikdirdi, müxtəlif müsəlman ölkələrindən gələn tələbələrin təhsil aldığı İslam akademiyası açdı.
Bir gün sultan, şəhərdə yerli çörəkbişirmə işi ilə məşğul olanları şəxsən yoxlamaq qərarına gəldi. O, hər bir çörək sexinə girdi, tərəzinin düzgünlüyünə baxdı, bişmiş çörəyin keyfiyyətinə fikir verməsini xahiş etdi, sonra sağollaşıb növbəti çörək sexinə keçirdi..
Çörəkbişirmə yerlərindən birinə girəndə gördü ki, hər çörəyin üzərində üç kəsim var. Sultan çörəkçiyə üz tutub:
-Niyə çörəyinizin hər birində üç kəsim var?
Çörəkbişirəən ona: Sultanım, Mən xristianam. Və biz, xristian çörəkçiləri, Müqəddəs Üçlüyün - Ata Allah, Oğul və Müqəddəs Ruhu xatırlatmaq üçün çörəyin üzərində üç kəsik edirik.
Sultan Orxan Qazi bir müddət susdu. Çörəkçinin sözləri ona çox güclü təsir edir.. Çörəkçi artıq düşünməyə başlamışdı ki, Sultanı qəzəbləndirib və gələcəkdə onlara bunu qadağan edəcək. Və birdən Sultan dilləndi:
- Bu məsələyə qoyduğunuz məna məni çox təsirləndirdi. Bunu etməyə davam edə bilərsiniz.
Bu sözlərdən sonra Sultan Orxan Qazi bütün müsəlman çörəkbişirənlərə aid edilən fərman imzaladı:
“Bu gündən etibarən bütün müsəlman çörəkçilər tək Allahdan başqa Allah olmadığına dair tövhidi xatırlatmaq üçün çörəyi ortadan tək kəsməlidirlər”.
Elə o gündən bu günə qədər türk çörəyinin bu cürə kəsilməsi tövhid rəmzi olaraq qəbul edilir...
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada