Dinə görə vəfat etmiş insan dəfn edildikdən sonra onun məzarı üzərində sadə bir nişangah olmalıdır. Bu, ona görədir ki, qəbri tapmaq, ziyarət etmək mümkün olsun. Hətta
Həzrət Muhəmməd salam olmuş vəfat edərkən İmam Əliyə vəsiyyət edir ki, mənim məzarımın üstünü dörd barmaqdan yüksəyə qaldırma. O da bunu icra edir. Həmçinin digər İslam böyüklərinin məzarı da öz dövründə sadə olub. Məqbərə və abidələr, məscidlər sonradan biznes məqsədi ilə tikilib. Ümumiyyətlə müsəlmanın qəbri sadə olmalıdır. Bahalı və uca daşlar, talvar və çərbəndlər düzəltmək, məzarları şöhrət yarışına alət etmək ən böyük küfr və fasiqlikdir. İslam dinində israfçılıq çox böyük günahdır. Qəbir daşlarına çəkilən xərcin böyük hissəsi israfdır. Bu da günahdır. Bahalı daşların əvəzinə ölü üçün daimi savab və rəhmət qazandıran başqa işlər görmək lazımdır. Kasıb, miskin adamlara kömək etmək, ictimai işlərə sərf etmək, yol, bulaq çəkmək lazımdır. Elə kəndlər var ki, yolun bərbad olmasına görə qəbristanlığa qışda getmək olmur, amma məzarlar üstündə milyonlarla qiymətdə daşlar qoyulub. Heç Çində bütpərəstlər də belə daşlar qoymur. Bu qədər israfçılıq birbaşa İslamın əleyhinədir. Dini, mənəvi dəyərləri hörmətdən salmaq, xalqımızı dünyaya şöhtətbaz, görməmiş kimi təqdim etməkdir. Qəbir daşı sadə, qısa və standart olmalıdır. Məzarlıqlarda sərf olunan milyonlar hamısı israf və küfrə xidmət edir. Ailələr var ki, üzvü vəfat edəndə borcla, boğazından kəsib bahalı daş qoyur. Sanki yarış gedir. İnsanlar bir-biri ilə bəhsə girir. Bəs dinimizi hara qoyurlar? Onda həmin ölünü niyə molla gətirib müsəlman qaydasında dəfn edirsiniz? Əgər müsəlman kimi dəfn edirsinizsə qəbir daşı niyə qeyri - müsəlmanın daşı kimi olmalıdır? Məzarların üstündə əsasən də qara rəngli daşlar qoyurlar. Qara rəng İslamda ikrah olunan rəngdir. Zülməti, küfrü, cəhənnəmi tərənnüm edir. Biz ateizmdən, marksizmdən çıxmışıq. İslam nur, işıq, aydınlıq dinidir. Rəngi də bəyaz, yaşıl, mavi, ağdır. Qəbir daşlarını qapqara etməklə, məzarlıqları Cəhənnəmə bənzətmək heç bir dinə, ənənəyə sığmır. Ağ daşlardan sadə formada nişangahlar olmalıdır. Heç şəkilə də ehtiyac yoxdur. Məzarlıq fotoqalereya yeri deyil. Torpağın altında hamı bərabərdir. Üstündə milyonluq daş olsa belə. Kim özünü müsəlman hesab edirsə bahalı qəbir daşı qoymamalıdır. Peyğəmbər heç kəsin üstünə uca daşlar qoymayıb. Heç olmasa Peyğəmbərə hörmət etmək lazımdır. Xristian ölkələrində qəbristanlıqlar parkı xatırladır. Yaşıllıq, təmizlik, sadəlik diqqət çəkir. Qəbirüstü nişangahlar sadə və sıra ilə səliqəli, standart. Amma bizim qəbristanlıqlarda pərakəndə, standarta uyğun olmayan böyük daşlar, sıldırım qayalar, əcaib abidələr, şan - şöhrət yarışı nəzərə çarpır. Halbuki dünyada örnək olmalı olan müsəlmanların məzarı olmalıdır. Çünki İslam Peyğəmbəri ən sadə həyat yaşayıb, qəbri də sadə olub. Bahalı qəbir daşları üçün çəkilən xərc haramdır. Çünki israf olunan o xərcə möhtac olan imkansız insanlar var. Həmçinin ölüyə o daşlar savab qazandırmır. Əksinə həmin pulla yetim tələbənin təhsil haqqı ödənilsə, çarəsiz xəstələrə maddi dəstək olunsa, xeyriyyə işlərinə sərf olunsa, kəndin - qəsəbənin abadlığna xərclənə davamlı savab gətirər. İstifadə edənlər də mərhum üçün əbədi rəhmət oxuyar. Bu məsələdə gərək ziyalılar, ağsaqqallar, din xadimləri, ilahiyyatçılar, cəmiyyətin bütün təbəqələrinin üzləri səfərbər olsunlar, maarifləndirmə apararaq, təbliğatı davam etdirsinlər. Çünki bu israfçılıq artıq həddi - sərhəddi aşır.