“907-ci düzəliş olduqca ədalətsiz bir qərar idi. 1992-ci ildə Ermənistan Azərbaycan torpaqlarını ardıcıl şəkildə işğal etdiyi dövrdə, əksinə, Azərbaycana qarşı dəstək məqsədilə ABŞ Konqresi tərəfindən qəbul edilmişdi. Bu qərara qarşı çıxmaq lazım idi”.
Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu News365.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, 2001-ci ildən başlayaraq ABŞ prezidentləri səlahiyyətləri çərçivəsində 907-ci düzəlişin hüquqi qüvvəsini hər il dayandırıblar:
“Ümid edirəm ki, Vaşinqton görüşündən sonra 907-ci düzəlişin tamamilə ləğv olunması imkanları yaranacaq. Bu isə Azərbaycanın hər şeydən öncə hərbi və diplomatik qələbəsinin nəticəsidir. Tarixin hər dövründə bir həqiqət var – hər zaman hüququn gücü yox, gücün hüququ üstünlük təşkil edib. Azərbaycan isə həm haqlı, həm də güclü tərəf olaraq öz maraqlarını təmin etmək imkanına sahib olub”.
Elşad Mirbəşiroğlu əlavə edib ki, Vaşinqton görüşü Azərbaycanın qələbəsinin nəticələrindən daha effektiv və əhatəli şəkildə faydalanmaqda olduğunu bir daha nümayiş etdirib:
“907-ci düzəlişin tamamilə ləğvi Azərbaycan–ABŞ münasibətlərində yeni səhifənin əsasını qoyacaq. ABŞ bu addımı atarsa, həm də göstərmiş olacaq ki, Azərbaycanla yeni münasibətlər sistemi qurmaq və ədalətli mövqe sərgiləmək niyyətindədir. Bildiyimiz kimi, bu istiqamətdə müzakirələr aparılır. 907-ci düzəliş Konqres tərəfindən qəbul edilib, prezident isə sadəcə onun hüquqi qüvvəsini dayandıra bilər. Lakin düşünürəm ki, proseslər bu istiqamətdə davam edərsə, yaxın gələcəkdə həmin düzəliş tamamilə aradan qaldırılacaq”.
Deputatın sözlərinə görə, bu addım Azərbaycanın beynəlxalq siyasi mövqelərinə ciddi və müsbət təsir göstərəcək:
“Onsuz da Azərbaycan kifayət qədər möhkəm mövqelərə sahibdir və haqlı maraqlarını qətiyyətlə qorumaq imkanına malikdir. Düzəlişin ləğvi isə bundan sonra daha geniş imkanların açılmasına şərait yaradacaq”.