Bədən parametrləri insanın fiziki quruluşunu və bədən ölçülərini müəyyən edən göstəricilərdir. Bu ölçülər yalnız geyim seçimi üçün deyil, eyni zamanda sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, çəkiyə nəzarət və düzgün qidalanma planının hazırlanması baxımından da əhəmiyyət daşıyır.
Bədən parametrlərinə boy, çəki, bel, sinə və omba ölçüləri daxildir. Bu göstəricilərin düzgün müəyyən edilməsi insanın bədən quruluşunu daha yaxşı tanımasına, çəki dəyişikliklərini izləməsinə və sağlam həyat tərzinə uyğun addımlar atmasına kömək edə bilər.
Bəs bədən parametrləri necə ölçülür, bu göstəricilər nəyi ifadə edir və onları bilmək nə üçün vacibdir?
News365.az-ın suallarını cavablandıran sağlam qida mütəxəssisi Aytac Mirzəzadə mövzu ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, əqsədimiz təkcə çəkimizi bilmək olmamalı, bədənimizin vəziyyətini də öyrənməliyik.
Bəs bu göstəricilər bizə nə verir?
Bədən yağı – Bədənimizdə nə qədər yağ olduğunu göstərir.
Daxili yağ – Daxili orqanlarımızın ətrafında nə qədər yağ toplandığını göstərir.
Su miqdarı – Bədənimizdə nə qədər su olduğunu bildirir.
Əzələ kütləsi – Bədənimizdəki əzələlərin miqdarını göstərir.
Metabolizm – Bədənimizin gün ərzində təxminən nə qədər enerji yandırdığını göstərir.
Bioloji yaş – Bədənimizin göstəricilərinə əsasən hesablanan təxmini yaşdır.
Ən vacib məqam: Təkcə tərəzidəki çəkiyə baxmaq düzgün deyil. Bəzən çəki dəyişməsə də, bədəndə yağ azalır, əzələ artır.
Bu göstəriciləri vaxtaşırı yoxlamaqla qidalanmamızın və arıqlama prosesimizin necə getdiyini daha yaxşı görə bilərik.