Yaxın zamanlarda ölkəmizdə özəl pensiya fondları
fəaliyyətə başlayacaq. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlamasına görə qeyri-dövlət (özəl) pensiya fondlarının
yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. Bəs,
özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir?
Suala Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov aydınlıq gətirib. News365.az-a açıqlamasında o bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə
vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər:
“Özəl
pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən
deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da təbii ki, pensiya məbləğinin
artmasına gətirib çıxarır. Bu kontektdən, oxşar praktikanın Azərbaycanda tətbiq
edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya
çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi
ödənişlər nəticəsində əlavə olaraq məsələn 300 manat almaq imkanı qazanacaq. Təbii
ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu
zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq”.
Millət vəkili
onu da əlavə edib ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir:
“Çünki belə
pensiya fondlar yaranarsa vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata
keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması,
etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları
yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi
və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də
mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir.
Qeyd edək
ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada
geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya,
Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir”.
News365.az