Səhər 5-də oyanıb axşam 9-da evə gəlirlər – valideynlərdən ETİRAZ

Səhər 5-də oyanıb axşam 9-da evə gəlirlər – valideynlərdən ETİRAZ
10:20

Məktəblərdə dərs yükü, repetitorluğa ehtiyac və şagirdlərin gün ərzində keçirdiyi vaxtla bağlı valideynlərin narazılığı yenidən gündəmə gəlib. Valideynlər hesab edirlər ki, uşaqların məktəbdən sonra saatlarla repetitor yanına getməsi onların istirahətinə, yuxusuna və psixoloji durumuna mənfi təsir göstərir.

News365.az xəbər verir ki, təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə 18 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin valideynlərinin müraciətini paylaşıb.

Valideynlər müraciətlərində bildiriblər ki, övladlarının təhsil almasına qarşı deyillər, əksinə, onların keyfiyyətli təhsil əldə etməsini istəyirlər. Lakin məktəbdə keçirilən dərslərlə yanaşı, repetitor hazırlığının da əlavə yük yaratdığını vurğulayıblar.

“Biz təhsilin əleyhinə deyilik. Əksinə, övladlarımızın yaxşı təhsil almasını istəyirik. Amma uşaq səhər saat 05:00-da yuxudan qalxır. Yolun tıxacını nəzərə alaraq səhər yeməyini yeyib hazırlaşır və saat 06:00-da evdən çıxır ki, dərsə vaxtında çatsın. Dərs saat 16:00-da bitir. Bundan sonra isə uşağın 3-4 saat müəllim yanında hazırlığı olur. Evə axşam saat 20:00-21:00 radələrində çatır. Uşaq yatana qədər gecə olur”.

Valideynlər məktəbin sanitar qovşaqlarının vəziyyətindən də narazılıq ifadə ediblər. Onlar sanitar qovşaqların vəziyyətini “dözülməz” adlandıraraq bəzi şagirdlərin ehtiyaclarını ödəmək üçün məktəbdən kənardakı obyektlərdən istifadə etdiyini bildiriblər. İddialara görə, bəzi hallarda uşaqlar hətta taksi ilə evə getməyə məcbur qalırlar.

Müraciətdə məktəblilərin dərs yükünün çoxluğu da diqqətə çatdırılıb. Valideynlərin sözlərinə görə, ingilis və alman dilləri də daxil olmaqla müxtəlif fənlərin çoxluğu uşaqların gün ərzində ciddi tədris yükü ilə üzləşməsinə səbəb olur.

“Uşaqlar artıq əsəbi olurlar, psixoloji vəziyyətləri yaxşı deyil. 12-13 yaşlı uşaq səhər tezdən axşama qədər dərs oxuyub, daha sonra hazırlığa gedirsə, onun istirahətinə və normal yuxusuna nə vaxt qalır?” – deyə valideynlər sual ediblər.

Valideynlər hesab edirlər ki, təhsilin keyfiyyəti ilə yanaşı, şagirdlərin fiziki və psixoloji rahatlığı, istirahəti və normal inkişafı da diqqətdə saxlanılmalıdır.

“Uşaqlar robot deyil ki, səhər tezdən axşama qədər fasiləsiz dərs və hazırlıqla məşğul olsunlar. Biz təhsilin əleyhinə deyilik. Sadəcə olaraq uşaqlarımızın sağlamlığının da nəzərə alınmasını istəyirik”, – deyə valideynlər bildiriblər.

Qeyd edək ki, valideynlərin müraciətini təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında paylaşıb.


Sizin reklam burada
Sizin reklam burada