Azərbaycan və Ermənistan arasında sülh gündəliyi son mərhələdə yeni müzakirələrin predmetinə çevrilib. Tərəflər arasında əldə olunan razılaşmalar və diplomatik təmaslar fonunda prosesin növbəti mərhələsinin necə inkişaf edəcəyi əsas suallardan biri olaraq qalır. Xüsusilə Ermənistanın daxili siyasi gündəmində Azərbaycana münasibətlə bağlı səslənən müxtəlif mövqelər sülh prosesinin gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırır.
Mövzu ilə bağlı News365.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu hesab edir ki, Ermənistanın bəzi addımları sülh prosesinin uzadılması kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, Azərbaycan sülh gündəliyində konstruktiv mövqe nümayiş etdirir, lakin Ermənistan cəmiyyətində və siyasi hakimiyyətində Azərbaycana münasibətdə ziddiyyətli yanaşmalar hələ də qalmaqdadır.
“Ermənistanın sülh prosesi ilə bağlı mövcud yanaşması müəyyən suallar yaradır. Azərbaycan bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirir. Lakin Ermənistan cəmiyyətində, eləcə də hökumət daxilində Azərbaycana münasibətdə ziddiyyətli yanaşmaların qalması prosesin tam şəkildə irəliləməsinə mane olan amillərdəndir”.
Siyasi şərhçi Ermənistan daxilindəki bəzi revanşist qüvvələrin davranışlarını da proses baxımından diqqətçəkən məqam kimi dəyərləndirib.
“Revanşist qrupların Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərinə aqressiv münasibət göstərməsi Ermənistan cəmiyyətində müəyyən dairələrin hələ də sülh reallığını qəbul etməkdə çətinlik çəkdiyini göstərir. Digər tərəfdən, Ermənistanın konstitusiya dəyişikliyi məsələsini gecikdirməsi də prosesə münasibətlə bağlı suallar yaradır”.
Əli Zülfüqaroğlu hesab edir ki, Ermənistanın sülh prosesində daha konkret və ardıcıl mövqe ortaya qoyması üçün Bakı öz siyasətində müəyyən addımlar ata bilər.
“Azərbaycan Ermənistanın daha konstruktiv davranmasına nail olmaq üçün siyasi və diplomatik təsir imkanlarından istifadə etməlidir. Eyni zamanda, ikitərəfli münasibətlərə də yeni reallıqlar kontekstində yenidən baxılması mümkündür”.
Ekspertin fikrincə, sülh prosesinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalması region üçün əlavə risklər yaradır.
“Ermənistanın prosesi uzatması bölgədə qeyri-müəyyənliyin davam etməsinə şərait yaradır. Buna görə də sülh sazişinin imzalanması istiqamətində Ermənistanın daha konstruktiv mövqe nümayiş etdirməsi vacibdir”.
Siyasi şərhçi qeyd edib ki, 44 günlük müharibədən sonra yaranmış yeni regional reallıqlar Azərbaycan-Ermənistan münasibətlərinin tamamilə fərqli müstəvidə qurulmasını zəruri edir.
“Azərbaycanın müharibədən sonrakı dövrdə nümayiş etdirdiyi yanaşmaya baxmayaraq, Ermənistan tərəfindən müxtəlif vaxtlarda verilən açıqlamalar və atılan addımlar prosesin uzanmasına səbəb olub. Biz həm müharibədən əvvəl, həm də 44 günlük müharibədən sonrakı dövrdə Ermənistan hakimiyyətinin Azərbaycana münasibətini müşahidə etmişik”.
Əli Zülfüqaroğlu hesab edir ki, əsas məqsəd sülh prosesinin formal danışıqlar mərhələsində qalması deyil, real və davamlı razılaşmanın əldə olunması olmalıdır.
“Ermənistanın sülh prosesinə konstruktiv yanaşması üçün siyasi təzyiqlərin artırılması vacibdir. Məqsəd münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanmasının təmin edilməsidir”.