Bakıda vətəndaş "Bolt" tətbiqi vasitəsilə sifariş etdiyi ayıq sürücü ilə bağlı narazılığını bildirib.
News365.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Onun sözlərinə görə, sentyabrın 15-də "Bolt" tətbiqindən "ayıq sürücü" xidmətindən yararlanıb və avtomobilinin idarə olunmasını həmin sürücüyə həvalə edib.
"Yolda YPX əməkdaşları avtomobili saxlayıblar və məlum olub ki, ayıq sürücü kimi xidmət göstərən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Mənim bu barədə məlumatım olmayıb. Nəticədə ayıq sürücü kimi gələn şəxsə 400 manat cərimə yazılıb. Protokolda mənim avtomobilimin nömrəsidir və cərimə ödənilməyəcəyi təqdirdə mənim maşınım duracağa aparıla bilər. Hazırda həm sürücü, həm də "Bolt" şirkəti cərimənin ödənilməsi məsuliyyətini üzərinə götürməkdən yayınır", - deyə şikayətdə bildirilir.
Məsələyə aydınlıq gətirilməsi ilə bağlı sözügedən şirəkətə sorğu ünvanlanıb.
Oxu.Az-a açıqlamasında məsələnin qanuni tərəfini izah edən professor, sürücülük imtahanına hazırlaşanlar üçün vəsait müəllifi Əziz Talıbov bildirib ki, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinin I hissəsinin 8-ci bəndinə əsasən, sürücü sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsini verməməlidir.

"İnzibati Xətalar Məcəlləsinin (İXM) 335.1-ci maddəsinə əsasən sərxoş sürücü nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxsə verdiyinə görə 60 manat, "Bolt" şirkəti isə (sürücülük hüququ olmayan şəxsi ayıq sürücü kimi göndərdiyi üçün) hüquqi şəxs olaraq 2000 manat məbləğində cərimə oluna bilər.
İXM-nin 332.3-cü bəndinə əsasən, sürücülük hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitəsini idarə edirsə, həmin ayıq sürücüyə 400 manat cərimə yazılır.
Əgər avtomobil cərimə meydançasına aparılıbsa, cərimə meydançasına aparılma pulu, cərimə meydançasında saxlanma pulu hüquqi şəxsin məsuliyyətindədir, çünki sürücülük hüququ olmayan şəxsi müştəriyə şirkət yönləndirib.
İçkili vəziyyətdə olan sürücü ona dəyən ziyanı şirkətdən tələb edə bilər. Şirkətdən tələb etmək üçün isə sübut edilməlidir ki, həqiqətən də tətbiq üzərindən ona ayıq sürücü göndərilib. Şirkət göndərdiyi sürücüyə görə məsuliyyət daşıyır, çünki şirkət olaraq göndərdiyi şəxsin sürücülük hüququnun olub-olmadığından xəbərdar olmalı idi", - deyə Ə.Talıbov qeyd edib.