Bu gün Qəbələdə hansı qərarlar veriləcək?- TƏHLİL

Bu gün Qəbələdə hansı qərarlar veriləcək?- TƏHLİL
09:02
Azərbaycanın turizm incisi Qəbələ Türk dünyasının mərkəzi şəhərinə çevrilib. TDT-nin 12-ci zirvəsinə toplaşacaq liderlərin kifayət qədər zəngin gündəliyi var və bu zirvədə tarixi qərarların qəbul edilməsi gözlənilir.
Azərbaycanın turizm mərkəzində keçirilən zirvədə Türk dövlətləri arasında mədəni və tarixi mübadilənin, ortaq tarixin təbliği baxımından vacib olan mühüm qərar qəbul ediləcək. Söhbət TDT-nin ortaq muzey kartından gedir. Uzun müddətdir ki, bu layihə üzərində işlər aparılır və məsələ Budapeşt zirvəsində də liderlər tərəfindən müzakirə edilmişdir. Qeyri-rəsmi Budapeşt görüşündən sonra ölkələrin mədəniyyət nazirliklərinə prosesin sürətləndirilməsi və 12-ci zirvəyə qədər yekun sənədin təqdim edilməsi ilə bağlı tapşırıq verilmişdir.
Artıq bu gün bu qərarın rəsmi qəbul ediləcəyi gözlənilir. Bu, TDT-yə üzv ölkələrin vətəndaşlarının vahid kartla bütün muzeylərə sərbəst girişini təmin edəcək.
Layihənin əhəmiyyəti nədir?
Türk Dövlətləri Təşkilatının əsas dayaqları ortaq soy və ortaq tarixdir. Bu birliyin ideya və ideologiyasının bütün üzv ölkələrin vətəndaşları tərəfindən qəbul edilməsi təşkilatın möhkəmləndirilməsi baxımından önəmlidir. Ona görə də bu layihənin qəbul edilməsi vahid türk kimliyini aktuallaşdıracaq, birliyin cəmiyyət tərəfindən mənimsənilməsi və dəstəklənməsinə ideoloji dayaq verəcək.
Bundan sonra TDT-yə üzv ölkələrin vətəndaşları bir-birinin ərazisində xarici kimi deyil, türk kimi qəbul ediləcək. Bu isə xalqların yaxınlaşması prosesini sürətləndirəcək. Məsələn, ötən il İstanbula səfərim zamanı mənə Topkapı sarayında “Efendim, siz yabancısınız, yabancı gibi ödeme yapmanız lazım” demələri çox xoşagəlməz olmuşdu. Yeni sistem işə düşəndən sonra bu kimi nüanslar gündəmdən çıxacaq.
Təhsildə vahid yanaşma olmalıdırmı?
Bu layihə son deyil, proses daha da genişləndirilməlidir. Xüsusən də “xarici vətəndaş” yanaşması ilk növbədə təhsil sistemindən çıxarılmalıdır. Güclü cəmiyyət və dövlətin əsas sütunlarından biri hazırlıqlı kadrların olmasıdır. Bu missiya əsasən təhsil sektorunun üzərinə düşür.
TDT ölkələri bir-birinin cəmiyyətinə lazım olan kadr hazırlığını xarici vətəndaş məhdudiyyəti olmadan həyata keçirməlidirlər. Məsələn, Azərbaycan təhsil sistemi neft-qaz sektorunda, Tükriyə təhsil sistemi tibb və İT sahəsində, Özbəkistan, Qazaxıstan və Qırğızıstan isə güclü olduqları digər sahələrdə birgə kadr hazırlığını təşkil edə bilərlər.
Hazırda bir ölkənin vətəndaşı digər ölkənin təhsil sistemindən yalnız xarici vətəndaş statusu ilə yararlana bilir. Məsələn, Türkiyədə yalnız ŞKTC və Pakistan vətəndaşları yerli kimi təhsil alırlar. TDT ölkələrinin vətəndaşlarının isə belə bir imtiyazı yoxdur. Eyni problem digər üzv ölkələrdə də mövcuddur. Yəni türksoylu tələbələr təhsil haqqını yerli vətəndaşlarla müqayisədə 2-3 dəfə artıq ödəyirlər.
Bu sahədə vahid strategiyanın tətbiqi həm təhsil alanların sayını artıracaq, həm də təhsil vasitəsilə birliyin insanların şüurunda möhkəmlənməsinə xidmət edəcək. TDT bir böyüyən ağac kimi insanların beynində kök salmalı, Türk birliyinin əhəmiyyəti hər evdə, hər çevrədə hiss olunmalıdır.
Aqil Məmmədov, ekspert

Sizin reklam burada
Sizin reklam burada