ABŞ dövlət katibinin müavini regiona niyə gəlir? - TƏHLİL

ABŞ dövlət katibinin müavini regiona niyə gəlir? - TƏHLİL
09:53
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin regiona səfərinin başlıca məqsədinin Zəngəzur dəhlizi və ya Tramp yolunun, eləcə də regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirəsi olduğu qeyd edilir. Ancaq bu tip səfərlər yalnız texniki məsələlərin deyil, eyni zamanda ikitərəfli münasibətlərdə aktual olan və əlaqələrin irəliləməsinə maneə yaradan mövzuların müzakirəsi baxımından da vacibdir. Ona görə də istisna etmək olmaz ki, Bakıda rəsmi təmaslar zamanı 907-ci düzəlişin tamamilə ləğvi məsələsi gündəmə gəlsin.
Ümumiyyətlə, 2025-ci il Bakı–Vaşinqton xəttində yeni bahar dönəminin başlanması ilə xarakterizə edilir və münasibətlər hər keçən gün daha da istiləşir. Bu baxımdan əlaqələri sərinləşdirə biləcək açıq məsələlərin həlli vacibdir. Onlardan biri və bəlkə də birincisi 907-ci düzəlişin tamamilə ləğv edilməsidir.
Ağ Evdə və Vaşinqtonun xarici siyasətinə cavabdeh ofislərində artıq etiraf edirlər ki, bu düzəliş real vəziyyəti əks etdirmir və Azərbaycanla əməkdaşlığın dərinləşməsinə süni şəkildə maneə yarada bilər. Həmin düzəliş 1992-ci ildə Ermənistan–Azərbaycan münaqişəsinin ən gərgin dövründə, erməni diasporunun güclü təsiri altında qəbul edilmişdi və məqsədi Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırmaqla yeni müstəqillik qazanmış ölkəni sıxışdırmaq, haqlı olduğu məsələdə haqsız duruma salmaq idi.
Ancaq bu gün Vaşinqtonda yaxşı anlayırlar ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması, Bakı ilə İrəvan arasında birbaşa dialoq kanallarının qurulması həmin düzəlişin qəbuluna səbəb göstərilən bəhanələri tamamilə aradan qaldırıb. Yeni reallıqdan faydalanan ABŞ Cənubi Qafqazda sabitlik və kommunikasiya layihələrində iştirak etmək istəyini nümayiş etdirir. Bu istəyin Bakı və İrəvan tərəfindən müsbət qarşılanması təbiidir, amma xoş niyyət yalnız birtərəfli olmamalıdır. Qarşı tərəf də öz addımı ilə bu niyyətə cavab verməli, gözləntiləri doğrultmalıdır. Bunun üçün əsas məsələ 907-ci düzəlişin tamamilə ləğv edilməsidir.
Praktik baxımdan, Azərbaycanın müstəqillik illərində sürətli inkişafına və iqtisadi dayanıqlığına bu düzəliş heç bir real maneə olmayıb. Sadəcə olaraq, ATƏT-in Minsk qrupu kimi, 907-ci düzəliş də keçmişdən qalmış, əhəmiyyətini itirmiş bir qərardır və yeni mərhələdə etibarlı əməkdaşlığın qurulması üçün o da tarixə qovuşmalıdır.
Məsələnin prosedur tərəfi elə də mürəkkəb deyil,müvafiq sənəd hazırlanır, Konqresin hər iki palatasından keçərək prezident tərəfindən təsdiq edilir. Ancaq buna mane olan əsas məsələ konqresdə respublikaçılarla demokratlar arasında mövcud fikir ayrılığıdır. Bu fikir ayrılığı konkret olaraq Azərbaycana münasibət və ya region siyasəti ilə bağlı deyil,daha çox ara seçkilər öncəsi səslər uğrunda daxili rəqabətdən irəli gəlir.
Konqresdə təmsil olunan partiyalar real siyasi iradə göstərdiyi anda bu qərar prosedur baxımından qısa müddətdə icra oluna bilər. Konqres regionda hansı siyasi xətti seçəcəyini müəyyən etməlidir.Köhnə stereotipləri qorumaq? Yoxsa yeni reallığı qəbul edərək tərəfdaşlığın daha rasional əsaslara keçməsinə dəstək vermək? Bu mövzu yaxın gələcəkdə Bakı-Vaşinqton xəttində əsas gündəm maddələrindən biri olacaq.
Aqil Familoğlu, politoloq

Sizin reklam burada
Sizin reklam burada