Baltik və Şərqi Avropada gərginlik: Rusiya NATO-ya qarşı hansı addımları atır?

Baltik və Şərqi Avropada gərginlik: Rusiya NATO-ya qarşı hansı addımları atır?
11:40

Avropada təhlükəsizlik vəziyyəti getdikcə gərginləşir. Rusiya ilə Qərb arasında, xüsusilə Şərqi Avropa istiqamətində hərbi qarşıdurma riskinin artdığı müşahidə olunur. Moskvanın Belarus ərazisində hərbi imkanlarını genişləndirməsi və NATO sərhədləri yaxınlığında fəallığını artırması bu prosesin əsas göstəricilərindən hesab edilir.

Hərbi ekspert Ramil Məmmədli bunu News365.az-a açıqlamasında deyib.


“Biz artıq görürük ki, vəziyyət get-gedə gərginləşir. Daha doğrusu, bir neçə istiqamətdə vəziyyətin gərginləşdiyinin şahidi oluruq. Bir qədər əvvəl yayılan xəbərə görə, artıq Şərq bölgəsində də Qərblə – Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri ilə Rusiya və onun müttəfiqləri arasında müəyyən gərginlik başlayıb”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Rusiya Qərb cəbhəsində, xüsusilə Avropa və Şərqi Avropa istiqamətində hərbi və hərbi-texnoloji imkanlarını gücləndirməyə çalışır.

“Ümumiyyətlə, Rusiya Qərb cəbhəsində, yəni Avropa və Şərqi Avropa istiqamətində hərbi imkanlarını, hərbi-texnoloji potensialını gücləndirməyi hədəfləyib. Bu prosesin başlanğıcını Belarus istiqamətində, Belarus ərazisində Rusiyanın nüvə başlıqları daşıyan raket komplekslərinin yerləşdirilməsi ilə görə bilərik”, – Ramil Məmmədli qeyd edib.

Ekspert bildirib ki, təxminən 2024-cü ildən başlayaraq Rusiyanın nəzarətində olan nüvə başlıqlı raket komplekslərinin Belarus ərazisində yerləşdirilməsi Moskvanın hərbi strategiyasında mühüm addımlardan biri olub.

“Ardınca isə artıq yeni müharibə qaydalarına uyğun olaraq pilotsuz uçuş aparatlarının sayını artırmağa, onların texnoloji buraxılış sistemlərini yerləşdirməyə başladı. Təbii ki, burada əsas məqsəd Ukrayna cəbhəsinin dərinliyində, Şərqi Avropa istiqamətində və hətta lazım gələrsə, Qərbi Avropada strateji hədəflərə zərbələr endirmək imkanının yaradılmasıdır”, – deyə o vurğulayıb.

Ramil Məmmədlinin sözlərinə görə, son dövrlərdə Rusiya ilə NATO ölkələri arasında gərginliyin müxtəlif istiqamətlərdə artması da diqqətdən yayınmır.

“Biz ötən il Rusiyanın həm Polşa, həm də Rumıniya ərazisində dronlarla uçuşlar həyata keçirdiyinin şahidi olmuşuq. Digər tərəfdən, Baltik dənizi hövzəsində Rusiyanın döyüş aviasiyası vasitəsilə manevrlərinin artdığını görürük. Yəni bunun da sayını artırıblar”, – ekspert bildirib.

Hərbi ekspert hesab edir ki, bütün bunlar Rusiyanın NATO ilə mümkün hərbi qarşıdurmaya hazırlıq gördüyünü göstərir.

“Bir sözlə, artıq görünən odur ki, Rusiya tam olaraq NATO ilə və yaxud NATO-nun Avropada yerləşən bölmələri və birləşmələri ilə mümkün müharibə və ya hərbi əməliyyatların aparılması prosesinə hazırlaşır”, – Ramil Məmmədli əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada