Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilib

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilib
09 Okt 2025 20:30

Oktyabrın 9-da Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində sessiyalar təşkil edilib.

News365.az xəbər verir ki, konfransın birinci sessiyası “İtkin düşmüş şəxslər böhranının həlli üçün əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.

Meksikadan olan insan hüquqları üzrə ekspert Kristofer Ballinas Valdesin moderarorluğu ilə keçirilən sessiyada Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zəfər Tarıkdaroğlu, Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı (Ombudsman) Dmitro Lubinets, Macarıstan Konstitusiya Məhkəməsinin hakimi Akos Kozma, Franko-Britaniya Fondunun səfiri Ceffri Kardoso, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Haqları Komissiyası Katibliyinin sədr müavini, səfir xanım Mahi Həsən Əbdül-Lətif, Zambiya Milli Assambleyasının Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin sədr müavini xanım Sibongile Muamba, Beynəlxalq insan hüquqları hüququ üzrə ekspert xanım Afərin Şahidzadə, Pakistan Ali Məhkəməsinin vəkili Məhəmməd Sohail Səcid və digərləri çıxış ediblər. Sessiyada çıxış edən ekspertlər və rəsmilər vurğulayıblar ki, itkin düşmüş şəxslər problemi yalnız regional deyil, bütün insanlığın ortaq vicdanını narahat edən qlobal məsələdir. Bu problemin həlli dövlətlərin humanitar öhdəliyidir və beynəlxalq əməkdaşlıq, məlumat mübadiləsi və həmrəylik burada olduqca vacibdir.

“İtkin düşmüş şəxslərin axtarışı üzrə milli təcrübələr: itkin düşmüş şəxslərin qalıqlarının tapılması və bərpası, həmçinin məhkəmə-tibbi identifikasiya ilə bağlı irəliləyişlər və çətinliklər” mövzusuna həsr olunan ikinci sessiyaya isə BQXK-nin məhkəmə tibbi üzrə Avropa və Mərkəzi Asiya üzrə regional meneceri Elif Günce Eskiköy moderatorluq edib. Sessiyada Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsinin rəisi Rüfət Əliyev, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Qreqori Berq, Serbiya Qaçqınlar və Miqrasiya Komissarlığından xanım Vesna Boskoviç, Ankara Universitetinin bölmə rəhbəri Ayla Sevim Erol, Polşanın Milli Yaddaş İnstitutunun əməkdaşı Maqdalena Krayevska, Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov və digərləri çıxış ediblər. Çıxışçılar vurğulayıblar ki, itkin düşmüş şəxslərin qalıqlarının tapılması, bərpası və məhkəmə-tibbi identifikasiya sahəsində irəliləyişlər əldə olunsa da, bu sahədə ciddi çətinliklər qalmaqdadır. Beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və müasir elmi-tibbi texnologiyaların tətbiqi bu humanitar problemin həllində əsas istiqamətlərdir.

“İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: Onların ehtiyac və çətinliklərinin müəyyən edilməsi, əməkdaşlıq və tərəfdaşlıq sahələri” mövzusunda üçüncü sessiyaya isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Şaban Şayev moderatorluq edib. Sessiyada Azərbaycandan olan ailələrin nümayəndələri Könül Behbudova və Püstəxanım Rəhimova, həmçinin Bosniya və Herseqovinadan olan ailələrin nümayəndələri Boyan Starçeviç, Mideta Kaloper və Vesna Pavloviç fikirlərini bölüşüblər.


Sizin reklam burada
Sizin reklam burada