Din xadimlərinin də görüşünü təşkil etmək sülh prosesinə töhfə verə bilər- Tural İrfan yazır
Siyasət
09:51
Ermənistan - Azərbaycan arasındakı sülh prosesi davam edir. Hər iki tərəfdən prosesin sürətlənməsi üçün müvafiq addımların atıldığının şahidi oluruq.
21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub, bir sıra görüşlər keçirilib. Qrupun üzvləri Bakını da gəziblər. Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər.
Dövlət rəhbərlərinin, Xarici İşlər nazirlərinin, Parlament spikerlərinin, digər rəsmilərin səmərəli və mütəmadi görüşləri ilə paralel vətəndaş cəmiyyəti üzvlərinin də bu kimi görüşləri təqdirəlayiqdir. Qarşıya çıxan zəruri məsələlər, həmçinin gələcək planlar haqda fikir mübadiləsinin aparılması, təmasların olması sülhün daha sağlam təməllər üzərində bərqərar olmasına xidmət edir. Düşünürəm ki, vətəndaş cəmiyyəti üzvlərinin bu qəbildən olan səfərləri, görüşləri daha da geniş və əhatəli tərkibdə davam etməlidir. Digər zümrələrdən ibarət qrupların da təmasları ümumi işin xeyrinə olardı. Alimlərin, şairlərin, yazıçıların, jurnalistlərin, mədəniyyət və incəsənət adamlarının, Ermənistanda Kilsə - hakimiyyət arasındakı münaqişə həll edilib münbit durum yaranandan sonra din xadimlərinin də görüşünü təşkil etmək sülh prosesinə töhfə verə bilər.
Bütün maneələri aşaraq Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədə doğru sürətlə irəliləməsi, sülh prosesinin sağlam şəkildə, bütün ümidləri doğruldaraq inkişaf etməsi dövlət siyasətinin sabitqədəmliyini və müdrik liderin idarəçilik təcrübəsini göstərir