ABŞ–Ukrayna–Avropa üçbucağı: 28 maddəlik plan müharibəni hansı modelə aparır?

ABŞ–Ukrayna–Avropa üçbucağı: 28 maddəlik plan müharibəni hansı modelə aparır?
17:34

ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı irəli sürdüyü 28 maddəlik sülh planı Cenevrədə keçirilən danışıqlardan sonra beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. Vaşinqtonun təşəbbüsü formal olaraq sülhə doğru addım kimi təqdim edilsə də, əslində həm ABŞ-ın, həm Ukraynanın, həm də Avropa dövlətlərinin strateji maraqlarını uyğunlaşdırmaq cəhdinin nəticəsi kimi görünür. Danışıqlarda ABŞ Dövlət katibi Marko Rubio, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və Avropanın yüksək səviyyəli nümayəndələrinin iştirakı prosesin artıq geniş koalisiyanın müzakirəsinə çıxarıldığını göstərir.


Rubionun görüşü “indiyə qədər ən məhsuldar danışıqlar” adlandırması Vaşinqtonun sənədə düzəlişlər etməyə açıq olduğunu nümayiş etdirir. Onun “heç bir açıq məsələ keçilməz baryer deyil” mesajı ABŞ-ın maksimalist mövqedən uzaqlaşdığını və münaqişənin daha çox “idarə olunan dondurulma” modeli ilə həllini nəzərdən keçirdiyini göstərir.


Zelenskinin prosesə dair müsbət açıqlaması da diqqət çəkir. Ukrayna lideri bildirib ki, ABŞ Kiyevin mövqelərini nəzərə alıb. Bu isə sənəddə yer alan şərq vilayətlərinin bir qisminin Rusiya nəzarətinə buraxılması, NATO üzvlüyündən imtina və ordunun məhdudlaşdırılması kimi maddələrə qarşı əvvəlki sərt mövqenin yumşaldığını göstərir.


Ən kəskin reaksiya Almaniya kansleri Fridrix Mertsdən gəlib. O, müharibənin yalnız Ukraynanın deyil, Avropanın razılığı ilə bitə biləcəyini açıqlayaraq, ABŞ-ın təkbaşına formalaşdırdığı sülh modelinə etirazını ortaya qoyub. Mertzə görə, Avropa təhlükəsizlik arxitekturasına təsir edən bir prosesdə kənarda qala bilməz. Bu, Avropanın Vaşinqtona ilk ciddi mesajıdır: sülh yalnız ABŞ-Ukrayna tandemi ilə deyil, daha geniş transatlantik koordinasiya ilə mümkündür.


Mertzin “danışıqlar masasına oturmaq Rusiyanın əlindədir” bəyanatı isə Cenevrə görüşünün mahiyyətini tam açır. Hazırda Qərb bloku öz aralarında ortaq mətn hazırlamağa çalışır, lakin prosesin taleyi Moskvanın verəcəyi siyasi qərardan asılı olacaq. Əgər Rusiya planın öz maraqlarını əks etdirmədiyini hesab edərsə, proses yenidən uzana və ya tam dondurula bilər.


Beləliklə, Cenevrə danışıqları müharibənin dərhal bitəcəyini vəd etməsə də, yeni reallığa əsaslanan diplomatik çərçivənin formalaşması üçün mühüm addım kimi görünür. ABŞ öz strateji xəttini korrektə edir, Ukrayna daha realist mövqeyə yaxınlaşır, Avropa isə prosesdə söz sahibi olmağa çalışır. Bu üçlü tarazlıq 28 maddəlik sülh planının taleyini müəyyən edəcək.



Sizin reklam burada
Sizin reklam burada