“Terrorsuz Türkiyə”: Öcalanla dialoq Ankara üçün strateji riski artırır

“Terrorsuz Türkiyə”: Öcalanla dialoq Ankara üçün strateji riski artırır
17:26

“Terrorsuz Türkiyə” təşəbbüsü, şübhəsiz ki, həm Türkiyə, həm də türk–müsəlman aləmi üçün çox mühüm bir plandır. Əsasən, Türkiyədə 30 ildən artıq davam edən kürd probleminin dinc şəkildə diplomatik yollarla həllini hədəfləyən bu təşəbbüs, son zamanlar xüsusilə diqqət çəkir.

Məsələ ondadır ki, “Terrorsuz Türkiyə” təşəbbüsünü həyata keçirmək üçün yaradılmış parlament komissiyası İmralı adasında PKK terror təşkilatının qurucu lideri Abdullah Öcalanla görüşmək qərarına gəlib. Bu qərar Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının iclasında qəbul edilib. Öcalanla görüşə komissiyanın tərkibində yaradılacaq nümayəndə heyəti göndəriləcək.

Komissiyanın qərarı səs çoxluğu ilə qəbul olunub. Görüşdə iştirak etməyəcəyini açıqlayan Cümhuriyyət Xalq Partiyası (CHP) isə səsverməyə qatılmayıb. Hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və DEM Partiyası isə təklifin lehinə səs verib, Yeni Yol Partiyası bitərəf qalıb. Demokrat Partiyası, DSP və HÜDA-PAR isə təklifin əleyhinə səs veriblər. Nəticə olaraq nümayəndə heyətinin yaxın günlərdə İmralı adasına səfəri gözlənilir.

“Terrorsuz Türkiyə” təşəbbüsü hazırkı mərhələdə ölkə daxilində təhlükəsizliyi möhkəmləndirmək, uzun illərdir davam edən silahlı qarşıdurmanı siyasi müstəviyə çəkmək və Türkiyənin daxili sabitliyini artırmaq cəhdi kimi təqdim olunur. Lakin fikrimcə, parlament komissiyası səviyyəsində Abdullah Öcalanla birbaşa dialoqa getmək ciddi səhvdir. Elə Türkiyənin özündə də bu addım siyasi dairələr arasında ciddi mübahisələr yaradıb. Bunun səbəbi təkcə PKK-nın cəmiyyətə vurduğu zərər deyil, həm də prosesin dövlətin gələcək idarəetmə forması, milli birlik və mərkəzləşmə baxımından mümkün uzunmüddətli nəticələridir.

Tarix göstərir ki, imperiyalar və çoxmillətli dövlətlər üçün etnik qrupların siyasi statusunun yüksəlməsi sadəcə hüquqi dəyişikliklə məhdud qalmır. Bu, ənənəvi idarəetmə modelinin transformasiyasını, bəzən də dağılmasını sürətləndirə bilər. Məsələn, mən “Terrorsuz Türkiyə” təşəbbüsünün gələcəyində Avstriya–Macarıstan modelinə keçid riskini yüksək hesab edirəm. Çünki Habsburq monarxiyası macarların siyasi təzyiqini azaltmaq üçün onlara “ikincil krallıq” statusu verdi. Lakin bu addım imperiyanı sabitləşdirmədi əksinə, digər xalqlarda da oxşar tələbləri stimullaşdırdı və sistemi parçalanmaya daha həssas hala gətirdi.

Bənzər dinamika Osmanlının son dövrlərində də yaşandı. Osmanlı dövləti ərəb əhalisinin loyallığını qorumaq üçün idarə strukturunda regional çeviklik tətbiq etməyə çalışsa da, nəticədə bu siyasət mərkəzi hakimiyyətin nisbi zəifləməsinə və ərəb vilayətlərində siyasi özünüdərkin güclənməsinə səbəb oldu.

Bu tarixi konteksti Türkiyəyə tətbiq etdikdə, ortaya çıxan əsas risk belə görünür. Kürdlərin siyasi statusunu yüksəldən və onları prosesin rəsmi tərəfi kimi tanıyan hər bir mexanizm zamanla daha geniş siyasi hüquqlar üçün baza yarada bilər. Bu gün terrordan imtina və dialoq çərçivəsində aparılan danışıqlar sabah “mədəni muxtariyyət”, daha sonra “regional özünüidarə”, ən sonda isə “federasiya” kimi tələblərlə davam edə bilər.

Əslində, bu mexanizm yalnız kürdlərə aid deyil, çoxsaylı etnik qrupların yaşadığı bütün ölkələrdə statusun artması domino effekti yaradır. Kürdlərin Türkiyənin siyasi həyatında daha güclü aktora çevrilməsi, xüsusilə bölgə partiyalarının parlamentdə qərarverici güc qazanması, mərkəzi hakimiyyətlə regionlar arasında siyasi asimmetriya yarada bilər. Bu isə öz növbəsində mərkəzləşdirilmiş cümhuriyyət sisteminin legitimliyinin sorğulanmasına səbəb olacaq.

Burada əsas məsələ dialoqun aparılıb-aparılmaması deyil, çünki dialoq sülhün əsas şərtidir. Əsas məsələ danışıqların hansı siyasi çərçivədə aparıldığıdır. Əgər danışıqlar terrorun bitməsi və demokratik sistemin güclənməsi prinsipləri üzərində yox, etnik identitetə əsaslanan siyasi statusun genişləndirilməsi xəttində aparılarsa, bu, gələcəkdə Türkiyənin idarəetmə modelini dəyişməyə məcbur edən yeni siyasi reallıq yarada bilər. Regional aktorların artan nüfuzu, fərqli siyasi mərkəzlərin meydana çıxması və cəmiyyətin siyasi loyallığının parçalanması riskləri məhz buradan qaynaqlanır.

“Terrorsuz Türkiyə” təşəbbüsü qısa müddətdə təhlükəsizlik baxımından müsbət effekt verə bilər, lakin uzunmüddətli perspektivdə Avstriya–Macarıstan modeli və Osmanlı təcrübəsində olduğu kimi, yeni siyasi tələb dalğaları formalaşdırmaq potensialına malikdir. Bu isə Türkiyənin unitar cümhuriyyət strukturu üçün strateji risk yaradır.

Politoloq Turan Rzayev


Sizin reklam burada
Sizin reklam burada