Sülhə aparan yol cəmiyyətlərarası təmasdan keçir - çağırış

Sülhə aparan yol cəmiyyətlərarası təmasdan keçir - çağırış
14:41

Azərbaycan–Ermənistan münasibətlərində normallaşma istiqamətində humanitar təmasların artırılması son günlər daha çox müzakirə mövzusu olub. Ekspertlər hesab edir ki, iki xalq arasında etimadın formalaşması üçün qeyri-hökumət təşkilatlarının iştirakı xüsusi əhəmiyyət daşıyır.

Sülh prosesində humanitar dialoqun vacibliyinə toxunan politoloq Natiq Miri News365.az-a açıqlamasında bildirib ki, xalqlar arasında təmasların intensivləşdirilməsi etimad quruculuğunun əsas komponentlərindən biridir:


“Yollardan biri də, əlbəttə ki, xalqlar arasında təmasları gücləndirməkdir. Qeyri-hökumət təşkilatları bu prosesdə mühüm rol oynaya bilər. Çünki onlar bilavasitə xalqın içindən çıxmış, insanlarla daim təmasda olan və təbliğat ünsürü kimi tanınan qurumlardır. Bu baxımdan bu normal, sülhə töhfə verən bir prosesdir və qarşılıqlı etimadı artırır”.

Politoloq qeyd edib ki, belə təmaslar olmadığı halda uzun illər formalaşmış düşmənçilik düşüncəsini aradan qaldırmaq mümkün deyil:


“Azerbaycan dövləti və xalqı bu prosesdə haqsızlığa məruz qalan tərəfdir. Torpağı işğal olunan, bir milyon insanı yurdundan-qoşundan didərgin düşən tərəf Azərbaycandır. Henüz 4 minə yaxın itkinimiz var. Ona görə bu reallıqlar Erməristan cəmiyyətinə açıq şəkildə çatdırılmalı, doğru informasiya təqdim olunmalıdır”.

Natiq Mirinin sözlərinə görə, artıq müəyyən dəyişikliklər müşahidə olunur, lakin bu hələ kütləvi şəkildə deyil:

“Ermənistan hökuməti və siyasi komanda zaman-zaman bəzi reallıqları deməyə başlayır. Onlar artıq anlayırlar ki, bu günədək yürüdülən siyasət Ermənistan dövlətinə və cəmiyyətinə yalnız faciə gətirib”.

Politoloq hesab edir ki, bu istiqamətdə genişlənən humanitar təmaslar sülh sazişi üçün zəruri olan ictimai etimad mühitinin yaranmasına xidmət edə bilər.


Sizin reklam burada
Sizin reklam burada