Prezident İlham Əliyevin Almaniyaya səfəri həm Azərbaycanda, həm də Almaniyada böyük diqqətlə qarşılanır. Səfər çərçivəsində keçirilən rəsmi qarşılanma mərasimləri, görüşlər və müzakirələr onun iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını göstərir.
Bu fikirləri politoloq Əhməd Əlili News365.az-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, səfərin gündəliyinə nəzər saldıqda bunun təkcə Azərbaycan–Almaniya münasibətləri deyil, həm də Azərbaycan–Avropa İttifaqı əlaqələri baxımından mühüm əhəmiyyət kəsb etdiyi görünür.
Əhməd Əlili qeyd edib ki, Cənubi Qafqazda geosiyasi vəziyyət sürətlə dəyişir, yeni çağırışlar və imkanlar formalaşır. Onun fikrincə, Almaniya Prezidentinin bir il əvvəl Azərbaycana səfərinə və son dövrdə alman rəsmilərinin Bakıya intensiv səfərlərinə baxmayaraq, regionda yaranan yeni reallıqlar əlavə məsləhətləşmələri zəruri edir.
Politoloq bildirib ki, 2020-ci ildən sonra Bakı ilə Berlin arasında formalaşan müsbət siyasi mühit regional layihələrdə və Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı təşəbbüslərində Azərbaycanın rolunu daha da gücləndirib.
Onun sözlərinə görə, Prezidentin Almaniyaya səfərini yalnız enerji və logistika sahələri ilə məhdudlaşdırmaq düzgün olmaz.
“Azərbaycan son dövrlər Avropa İttifaqına üzv olan bir sıra ölkələrlə hərbi əməkdaşlığa da xüsusi önəm verir. Almaniyanın müdafiə sənayesi, yüksək texnologiyalar və iqtisadi yeniliklər sahəsindəki imkanları əməkdaşlığın yeni istiqamətlərini formalaşdıra bilər. Düşünürəm ki, səfərdən sonra bu sahələr üzrə yeni layihələr və əməkdaşlıq perspektivləri ortaya çıxacaq”, – deyə Əhməd Əlili vurğulayıb.
Politoloq hesab edir ki, bu səfər Azərbaycan–Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərə bilər. O bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Almaniya siyasi mühitindən gəlməsi də bu baxımdan diqqətəlayiq amildir.
Əhməd Əlilinin fikrincə, Bakı ilə Berlin arasında siyasi dialoqun intensivləşməsi Azərbaycan–Aİ münasibətlərini gücləndirəcək və kənar qüvvələrin bu əlaqələrə mənfi təsir göstərmək cəhdlərini zəiflədəcək.
“Son illər Avropa İttifaqının bəzi siyasi və diplomatik platformalarında Azərbaycana qarşı qərəzli təşəbbüslər müşahidə olunur. Yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı dialoq bu cür destruktiv təsirlərin qarşısının alınmasına xidmət edəcək”, – deyə politoloq əlavə edib.