Əliyev–Pezeşkian görüşündə diqqət çəkən tablo: Dörd detal nə deyir?

Əliyev–Pezeşkian görüşündə diqqət çəkən tablo: Dörd detal nə deyir?
09:30

Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü zamanı arxa planda görünən tablo sosial şəbəkələrdə diqqət çəkib.

News365.az xəbər verir ki, tabloda əks olunan bir sıra detallar türk xalqlarının, xüsusilə Mərkəzi Asiya köçəri mədəniyyətinin simvolları kimi şərh olunur.

Diqqət çəkən ilk detal yaklar – Tibet öküzləridir. Tabloda klassik türk təsvirlərində tez-tez rast gəlinən atların əvəzinə insanların yaklara mindiyi görünür. Bunun regionun sərt dağ iqlimi ilə bağlı olduğu bildirilir. Tanrı dağlarının yüksəkliyində, oksigenin az və temperaturun olduqca aşağı olduğu ərazilərdə yaklar dözümlülüyü ilə seçilir. Tarixən yerli xalqlar bu heyvanlardan həm nəqliyyat vasitəsi, həm də yun və dərilərindən soyuqdan qorunmaq üçün istifadə ediblər.

İkinci detal ağ kalpakdır. Tablodakı fiqurların başında görünən ağ keçə papaq Qırğızıstanın ən tanınmış milli simvollarından biridir. Ak kalpak qırğız milli kimliyi, ənənələrə və tarixi köklərə bağlılıq rəmzi hesab olunur.

Üçüncü detal isə qartalla ov edən berkutçulardır. Qartalla ov Mərkəzi Asiyanın qədim köçəri ənənələrindən biri sayılır. Bu ənənə yalnız ov və ya idman növü kimi deyil, sərt təbiət şəraitində insanla təbiət arasındakı münasibətin və yaşayış mədəniyyətinin bir hissəsi kimi qiymətləndirilir.

Tabloda diqqəti cəlb edən sonuncu detal iri qızıl qartallardır. Qartal türk və Mərkəzi Asiya mədəniyyətində güc, azadlıq, müstəqillik və səma hakimiyyəti ilə əlaqələndirilən simvollardan biridir.

Qartal obrazına region dövlətlərinin rəsmi simvollarında da rast gəlinir. Məsələn, Qazaxıstan bayrağında qanadlarını açmış qartal təsvir olunub. Qartal motivləri Qırğızıstanın milli və mədəni simvolikasında da geniş yer tutur.

Bu baxımdan Əliyev və Pezeşkianın görüşünün keçirildiyi məkandakı tablo Mərkəzi Asiyanın tarixi yaddaşını, köçəri mədəniyyətini və azadlıq ideyasını əks etdirən əsər kimi də şərh etmək mümkündür.

Tablodakı yaklar, ağ kalpak, berkutçular və qartallar birlikdə həmin coğrafiyanın təbiəti, həyat tərzi, milli kimliyi və müstəqillik ruhunu ön plana çıxarır.
 


Sizin reklam burada
Sizin reklam burada