Azərbaycanda problemli kreditlərin həcmində artım qeydə alınıb. Mərkəzi Bankın 2026-cı ilin iyun ayına dair hesabatına əsasən, vaxtı keçmiş kreditlərin ümumi məbləği 635,4 milyon manata çatıb. Bu, may ayı ilə müqayisədə 3,45 faiz çoxdur.
İqtisadçı Emin Qəribli News365.az- a bildirib ki, artımın bir neçə əsas səbəbi var.
“İstehlak kreditləri üzrə faiz dərəcələri biznes kreditləri ilə müqayisədə daha yüksəkdir. Bu da həmin kreditlərin geri qaytarılmasını çətinləşdirir. Eyni zamanda, son altı ay ərzində makroiqtisadi göstəricilərdə müşahidə olunan zəifləmə biznes mühitinə və sahibkarların fəaliyyətinə mənfi təsir göstərib”, – deyə iqtisadçı vurğulayıb.
Bank sektoru üzrə mütəxəssis Emin Kərimov isə vətəndaşları kredit götürərkən ehtiyatlı olmağa çağırıb.
“Ehtiyac olmadığı halda kredit götürmək və özünü əlavə maliyyə yükü altına salmaq düzgün deyil. Kredit götürməzdən əvvəl onun hansı mənbədən və necə ödəniləcəyi dəqiq planlaşdırılmalıdır. Maliyyə çətinliyi yaranarsa, banklara müraciət edərək kreditin restrukturizasiyasını tələb etmək mümkündür. Bu, borcun daha uzun müddətə və daha yumşaq şərtlərlə ödənilməsinə imkan yaradır”, – deyə o bildirib.
Mütəxəssislərin fikrincə, şirnikləndirici kredit reklamlarına aldanmamaq və yalnız zəruri hallarda borclanmaq problemli kreditlərin artmasının qarşısını almaq üçün ən vacib amillərdəndir.