Ceyhun Məmmədov: “Azərbaycan, Türkiyə və Ermənistan yeni formatda bir araya gəldi”
News365.az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov Antalyada keçirilən beynəlxalq forumda region ölkələrinin fəal iştirakını və bu iştirakın əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan bu proseslərdə hər zaman aktiv mövqe sərgiləyib.
Millət vəkilinin sözlərinə görə, forumda Azərbaycanın Suriyaya, Şimali Kiprə və digər müsəlman ölkələrinə verdiyi dəstək bir daha nümayiş etdirilib:
“Azərbaycan-Suriya münasibətləri, eləcə də Şimali Kiprə göstərilən qardaş dəstəyi ölkəmizin beynəlxalq platformalarda mövqeyinin gücləndirilməsi baxımından önəmlidir”.
Ceyhun Məmmədov eyni zamanda Ermənistanın forumda iştirakını müsbət qiymətləndirib və bunun yeni diplomatik formatın yaranmasına səbəb ola biləcəyini deyib:
“Türkiyə, Azərbaycan və Ermənistanın bir araya gəlməsi və bu formatda dialoq qurması, əvvəllər Avropa İttifaqı və Rusiya vasitəçiliyi ilə aparılan danışıqlardan fərqli olaraq, region ölkələrinin öz təşəbbüsü ilə irəli gələn sülh cəhdləridir”.
Deputat qeyd edib ki, Antalyadakı forumda dörd ölkənin – Azərbaycan, Türkiyə, Ermənistan və Suriyanın xarici işlər nazirlərinin görüşləri bu formatın davamlı ola biləcəyini göstərir. O, həmçinin Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən görüşün də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Bu cür tədbirlər ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə, sülh və sabitliyə töhfə verir”, – deyə Ceyhun Məmmədov qeyd edib.