Azərbaycan Avropa Şurasına üzv olarkən əsas məqsədlərdən biri Ermənistanın işğalçılıq siyasətinə qarşı beynəlxalq dəstəyin gücləndirilməsi və BMT qətnamələrinin icrasına nail olunması idi. Lakin sonrakı illərdə təşkilatın Azərbaycana münasibətində qərəzli yanaşmaların artması rəsmi Bakının bu qurumla əməkdaşlığına ciddi təsir göstərib.
Bunu politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa Şurasına üzvlüyü qarşılıqlı razılıq əsasında baş tutub və həmin dövrdə bu addımın əsas məqsədi ölkənin milli maraqlarının müdafiəsi idi.
"Azərbaycan Avropa Şurasına öz təşəbbüsü ilə deyil, təşkilatın dəvəti əsasında üzv oldu. Həmin dövrdə əsas gözlənti Ermənistanın işğalçılıq siyasətinə qarşı Avropa institutlarının daha prinsipial mövqe nümayiş etdirməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək verməsi idi. İlk illərdə bu istiqamətdə müəyyən qətnamələr qəbul olunsa da, onların icrası təmin edilmədi", – deyə R.Bayramov bildirib.
Politoloq qeyd edib ki, sonrakı mərhələdə Avropa Şurasında Azərbaycana qarşı sistemli kampaniya müşahidə olunmağa başlayıb.
"Müəyyən müddətdən sonra Azərbaycana qarşı qərəzli yanaşmalar gücləndi. Xüsusilə 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərindən sonra demək olar ki, Avropa Şurasının hər sessiyasında Azərbaycanla bağlı məsələlər müzakirəyə çıxarıldı və ölkəmizə qarşı müxtəlif qətnamələr qəbul edildi. Bu da təşkilatda anti-Azərbaycan mövqeyinin açıq şəkildə nümayiş etdirildiyini göstərirdi", – deyə o vurğulayıb.
R.Bayramov bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda təmsil olunmağın tərəfdarıdır, lakin bunun ölkənin maraqlarına xidmət etməsi vacib şərtdir.
"Biz heç bir beynəlxalq platformada təmsilçiliyimizi itirmək istəmirik. Əksinə, Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı vacibdir. Ancaq əgər həmin təmsilçilik ölkəyə heç bir fayda vermirsə, əksinə, davamlı şəkildə Azərbaycana qarşı qərəzli münasibət sərgilənirsə, belə şəraitdə həmin təşkilatda fəaliyyətin mənası sual doğurur", – deyə politoloq qeyd edib.
Ekspertin fikrincə, beynəlxalq təşkilatlar üzv dövlətlərə münasibətdə ikili standartlardan çıxış etməməli, beynəlxalq hüququn prinsiplərinə bərabər şəkildə əməl etməlidirlər.