Prezident İlham Əliyev: “Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”
Qubadlı rayonu Azərbaycanın ən gözəl
guşələrindən biri, zəngin təbiəti, qədim tarixi və mədəni irsi ilə seçilən
diyar idi. Lakin 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin işğalı
nəticəsində Qubadlıda həyat bir anda dəyişdi. Minlərlə insan doğma ocağından
didərgin düşdü, kəndlər viran qoyuldu, əsrlərin yadigarı olan abidələr
yerlə-yeksan edildi. İşğalın nəticələri olduqca ağır idi. Rəsmi məlumatlara
əsasən, Qubadlı rayonundan 29.997 nəfər məcburi köçkün düşərək Azərbaycanın
müxtəlif bölgələrində müvəqqəti məskunlaşdı. 94 yaşayış məntəqəsi, 7.278 fərdi
yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət müəssisəsi, 7
məscid, 16 körpü tamamilə dağıdıldı və yararsız hala salındı. Düşmən təkcə
evləri və yolları deyil, həm də xalqın ruhunu, tarixi yaddaşını silmək məqsədi
daşıyırdı. 1.080 kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı,
150 km magistral su xətləri, 4.830 km elektrik xətləri, 165 km qaz boru xətti
məhv edilmişdi. Qubadlıda fəaliyyət göstərən 9 tikinti idarəsi, 4 yol idarəsi,
18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası və
transformator tamamilə dağıdıldı. İşğal Qubadlının iqtisadi, sosial və mədəni
həyatını iflic vəziyyətinə saldı. Lakin xalqımızın iradəsini, azadlıq eşqini
sındıra bilmədi. Qubadlılılar doğma torpaqlarına qayıdacaqları günü illərlə
səbirlə, inamla gözlədilər.
2020-ci ilin
payızında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı
dirçəliş salnaməsinə çevrildi. Bu müharibə təkcə torpaqlarımızın azad olunması
deyil, həm də milli qürurumuzun bərpası idi. Hər bölgənin azadlığı özündə bir
qəhrəmanlıq dastanı daşıyırdı. Lakin 25 oktyabr 2020-ci il – Qubadlının azad
olunduğu gün – müharibənin gedişatında xüsusi dönüş nöqtəsinə çevrildi.
Qubadlının azadlığı uğrunda döyüşlər olduqca çətin və strateji əhəmiyyətli idi.
Düşmən şəhərdə və ətraf yüksəkliklərdə güclü istehkamlar qurmuşdu. Hər
yüksəklikdən Azərbaycan Ordusunun irəliləyişini əngəlləmək üçün atəş nöqtələri
yaradılmışdı. Lakin qəhrəman əsgərlərimiz inadla, mərdliklə, vətən sevgisi ilə
döyüşərək, bir-birinin ardınca bu yüksəklikləri ələ keçirdilər. Yalnız
yüksəkliklərin nəzarətə götürülməsindən sonra şəhərin mərkəzinə doğru
irəliləmək mümkün oldu. Ordumuzun taktiki üstünlüyü, yüksək döyüş hazırlığı və
Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində 25 oktyabr 2020-ci ildə
Qubadlı şəhəri azad olundu. Bu qələbə müharibənin sonrakı mərhələlərində —
xüsusən Laçın istiqamətində əməliyyatların uğurla aparılması üçün möhkəm
strateji baza yaratdı.
Bu gün
Qubadlı azad, yenidən doğulan bir şəhərdir. Azadlıqdan dərhal sonra dövlət
səviyyəsində geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni yollar,
yaşayış massivləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları salınır.
Qubadlıya həyat qayıdır — dağıdılmış kəndlərdə yenidən ocaqlar yanır, uşaqların
gülüşü səslənir.
Qubadlının
azad olunduğu gün Azərbaycan tarixində millətin yaddaşına qızıl hərflərlə
yazılıb. Bu tarix 44 günlük Vətən müharibəsinin ən mühüm dönüş nöqtələrindən
biri kimi əbədi yaddaşımıza həkk olundu. Qubadlının azadlığı Azərbaycanın
suverenliyinin bərpası yolunda mühüm strateji əhəmiyyət daşıyırdı və bu uğur
uğrunda Azərbaycan əsgəri böyük igidlik, fədakarlıq və vətənpərvərlik nümunəsi
göstərdi.
Qubadlının
azadlığı uğrunda döyüşlər çox gərgin keçmişdi. Düşmən uzun illər ərzində
bölgədə möhkəm istehkamlar qurmuşdu. Buna baxmayaraq, Azərbaycan Ordusunun mərd
əsgərləri bu istehkamları bir-bir aşaraq, Qubadlıya doğru irəlilədi və şəhəri
qəhrəmanlıqla düşmən işğalından azad etdi. Vətən müharibəsində əldə edilən bu
şanlı qələbələrin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən
“Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Bu medal Qubadlı uğrunda
aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirən,
torpaqlarımızın azadlığı uğrunda canını və gücünü əsirgəməyən Azərbaycan
Ordusunun mərd oğullarına təqdim olunur.
Qubadlı
rayonu yalnız coğrafi deyil, həm də simvolik baxımdan mühüm məna daşıyırdı. 27
illik işğaldan sonra azad edilmiş bu əraziyə Prezident İlham Əliyevin
səfərləri, bu səfərlərin açılış və təməlqoyma mərasimləri forması almağı,
Qubadlının bərpası və gələcək inkişafının Dövlət səviyyəsində prioritet
olmasını göstərir. “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad
edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi
bizim qələbəmizi yaxınlaşdırdı”, deyə dövlətimizin başçısı bu rayonun işğaldan
azad olunmasının önəmi haqqında danışarkən bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qubadlı rayonunun hər
bir kəndi yenidən dirçəlir. Bu dirçəliş həm də Azərbaycan xalqının əzmini,
milli birliyini və sarsılmaz iradəsini təcəssüm etdirir.
Qubadlının
tarixi həm faciə, həm də qəhrəmanlıq tarixidir. İşğal illərinin ağrısı,
dağıdılmış evlərin külü üzərində bu gün Zəfərin ucalığı dayanır. 25 oktyabr
təkcə bir şəhərin azadlıq günü deyil, həm də bir xalqın yenidən doğulduğu
gündür. Qubadlı bu gün azaddır, vətənin bağrında yenidən çiçəklənir. Qəhrəman
şəhidlərimizin qanı ilə yoğurulmuş bu torpaqda artıq sülhün, inkişafın və
həyatın səsi gəlir. Prezidentin azad edilmiş torpaqlara – Qubadlının kimi
strateji bir rayona – şəxsi səfəri bir neçə baxımdan önəmlidir. Uzun illər
işğal altında olan bu ərazilərdə Dövlət başçısının iştirakı “geri dönmə”,
“yenidənqurma”, “qayıdış” kimi mesajları ictimai-psixoloji səviyyədə
gücləndirir. Səfərdə təməlqoyma və açılış mərasimlərinin keçirilməsi Dövlətin
bərpa işlərinə ciddi yanaşdığını göstərir. Prezidentin nitqləri vasitəsilə
əhali, keçmiş məcburi köçkünlər və digər maraqlı tərəflər rayonda
planlaşdırılan layihələr barədə məlumatlandırılır, ümumi milli narahatlıq və
narahatlığa çevrilən bölgənin gələcəyi ilə bağlı ümid artırılır.
Qubadlının
coğrafi mövqeyi – dağlıq, sərhədyanı bir rayon – onun bərpasını çətinləşdirir,
lakin səfərlər çərçivəsində lanse edilən layihələr bunlara cavab verir. Yol
infrastrukturu (Xanlıq-Qubadlı yolu) rayonu mərkəzinə və digər yaşayış
məntəqələrinə nəqliyyat əlçatanlığını artıracaq. Elektrik-enerji sistemlərinin
yenidən qurulması, yarımstansiya tikintisi regionun uzunmüddətli elektrik
təminatını nəzərdə tutur.
Prezident
İlham Əliyevin azad edilmiş Qubadlı rayonuna səfərləri həm simvolik, həm də
praktiki olaraq önəmlidir. Bu səfərlər Azərbaycanın dövlət-qurumlarının
işğaldan azad edilmiş ərazilərə yönəldiyi mesajını verdi. Qubadlının bərpa və
inkişafının prioritet olduğunu göstərdi. Keçmişdə məcburi köçkün olmuş,
torpaqlarından ayrılmış insanların gözləntilərini qarşılayacaq addımların
atıldığını nümayiş etdirdi. Artıq Qubadlı yeni mərhələyə – dirçəliş, yaşayış və
inkişaf mərhələsinə keçib.
Aybəniz Rüstəmova,
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent