"Avropanın əsas çəkindirmə gücü NATO və ABŞ-dır” - Sultan Zahidov

"Avropanın əsas çəkindirmə gücü NATO və ABŞ-dır” - Sultan Zahidov
15:44

Politoloq Sultan Zahidov News365.az-a Ukrayna müharibəsi fonunda Avropanın və NATO-nun roluna dair fikirlərini bölüşüb.

 O bildirib ki, Rusiyanın Ukraynada atdığı addımların qarşısının alınması üçün müəyyən səylər göstərilsə də, bu, hələ də kifayət qədər təsirli nəticə vermir:
“Zelenski də dəfələrlə qeyd edib ki, beynəlxalq reaksiyalar lazımi səviyyədə deyil və bu, müharibənin gedişatına ciddi təsir göstərmir”.

Sultan Zahidovun sözlərinə görə, Avropanın Rusiyaya qarşı əsas çəkindirmə gücü hərbi proqramlar deyil, NATO-nun mövcudluğudur:

“Avropada qəbul edilən 8 milyard avroluq ‘Real Europe’ proqramı kimi təşəbbüslər müəyyən rol oynasa da, əsas güc NATO-nun 5-ci maddəsində və xüsusən ABŞ-ın iştirakındadır. ABŞ olmasa, Avropa ölkələrinin Rusiyaya qarşı real müqavimət göstərmək imkanları məhduddur”.

Ekspert vurğulayıb ki, hazırda Rusiya NATO ilə birbaşa toqquşmadan çəkinir:
“Putin anlayır ki, bu, Rusiyanın maraqlarına uyğun deyil. Əgər NATO amili olmasaydı, Moskva Avropa ölkələrinə qarşı daha aqressiv planlar qura bilərdi”.

Zahidov qeyd edib ki, ABŞ-dan sonra Ukraynaya ən böyük dəstək göstərən ölkələr Almaniya və Böyük Britaniyadır:
“Bu ölkələr həm hərbi, həm texniki, həm də maliyyə yardımı göstərməklə yanaşı, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya ötürülməsində də aktiv iştirak edirlər. Bu, Ukraynanın müəyyən mənada ayaqda qalmasına səbəb olan əsas amillərdəndir”.


Sizin reklam burada
Sizin reklam burada