Almaniya Suriyada rejim dəyişikliyindən sonra ölkəsinə qayıdan hər suriyalı miqranta maddi yardım göstərir.
News365.az xəbər verir ki, bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) məlumatında bildirilib.
Suriya yeni təyinat ölkəsi kimi ötən həftə Qayıdış və Reinteqrasiya Proqramına (REAG/GARP) daxil edilib. Suriyalılar ölkəni tərk etmək məcburiyyətində qalıb-qalmamalarından və ya hələ də sığınacaq prosesində olub-olmamalarından asılı olmayaraq, səyahət xərclərinin, o cümlədən aviabiletlərinin pulunun ödənilməsi üçün müraciət edə bilərlər. Bundan əlavə, Almaniya ölkələrinə qayıdan şəxslərə Suriyada yeni həyata başlamaları üçün birdəfəlik maddi dəstək də təmin edir. Hər bir şəxs 1700 avroya qədər pul ala bilər. Bu birdəfəlik ödənişin hər ailə üçün ən yüksək həddi 4000 avrodur.
Ölkəni tərk etmək istəyən suriyalılar birdəfəlik başlanğıc yardımı ilə yanaşı, ölkələrində tibb xidmətləri almaq üçün də maddi dəstəklə bağlı müraciət edə bilərlər. Bunun üçün adambaşına 2000 avroya qədər yardım göstərilə bilər.
Bir çox hallarda ödənişlər miqrantlar Suriyaya çatdıqdan sonra həyata keçirilir. BAMF bu məqsədlə Suriyadakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməyi planlaşdırır.