ABŞ və Çin arasında supergüc rəqabəti dərinləşir

ABŞ və Çin arasında supergüc rəqabəti dərinləşir
14:53

ABŞ Prezidenti Donald Trampın “dünyada yalnız iki supergüc var – ABŞ və Çin” açıqlaması beynəlxalq siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Politoloq Turan Rzayev hesab edir ki, bu bəyanat Vaşinqtonun qlobal güc balansında Pekinin yüksəlişini artıq açıq şəkildə qəbul etdiyini göstərir.

News365.az-a danışan politoloq bildirib ki, Çinin son illərdə həyata keçirdiyi iqtisadi və geosiyasi strategiya onu dünyanın əsas güc mərkəzlərindən birinə çevirib.

Onun sözlərinə görə, Pekin uzun illərdir Afrika, Latın Amerikası, Asiya və Şərqi Avropa ölkələrinə iri həcmli kreditlər ayıraraq həmin regionlarda iqtisadi təsir imkanlarını genişləndirir. Turan Rzayev qeyd edib ki, Çin əsasən limanlar, logistika şəbəkələri və infrastruktur layihələrinə sərmayə yatırmaqla strateji mövqelər əldə edir.


Politoloq vurğulayıb ki, COVID-19 pandemiyasından sonra bir çox ölkənin borc böhranı ilə üzləşməsi Pekinin təsir imkanlarını daha da artırıb. Onun fikrincə, borclarını ödəməkdə çətinlik çəkən dövlətlərlə aparılan danışıqlar nəticəsində Çin bir sıra limanlar və strateji layihələr üzərində uzunmüddətli nəzarət əldə edib.

Ekspert əlavə edib ki, Çin artıq “liman-park-şəhər” modelindən daha geniş iqtisadi-logistika sisteminə keçərək dəmir yolu, enerji və mineral resurs layihələrinə də nəzarəti gücləndirir.

Turan Rzayev bildirib ki, Pekinin əsas fərqi hərbi müdaxilə deyil, iqtisadi və texnoloji təsir mexanizmlərindən istifadə etməsidir. Onun sözlərinə görə, Çin bu yolla həm qlobal ticarət şəbəkələrində mövqeyini gücləndirir, həm də uzunmüddətli iqtisadi asılılıq yaradır.

Politoloq hesab edir ki, ABŞ artıq bu prosesin miqyasını daha aydın görməyə başlayıb və Donald Trampın Çinə səfəri də bunun göstəricisidir.

O qeyd edib ki, yaxın onillikdə Çin iqtisadiyyat, logistika, texnologiya və maliyyə əlaqələri üzərində qurulan yeni qlobal qütb formalaşdırmağa çalışacaq. Politoloqun fikrincə, Vaşinqton bu rəqabətdə yeni strategiyalar hazırlamazsa, Pekin təkcə qlobal ticarətdə deyil, maliyyə sistemində də daha böyük təsir gücü əldə edə bilər.


Sizin reklam burada
Sizin reklam burada