Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) keçirilən sədr seçkisindən sonra yaranan gərginlik və müzakirələr səngimək bilmir.
İttifaqın fəaliyyətini və son prosesləri sərt tənqid edən Xalq artisti Əbdül Mahmudov quruma rəhbərlik üçün ən doğru namizədin adını News365.az-a açıqlayıb.
Xalq artisti mövcud böhrandan çıxış yolunu ittifaqa nüfuzlu bir kino xadiminin rəhbərlik etməsində görür:
"İndiki vəziyyətdə Kinematoqrafçılar İttifaqına dövlət tərəfindən tanınan, qəbul olunan bir kino şəxsiyyəti rəhbərlik etməlidir. Mən hesab edirəm ki, Azərbaycanın Xalq artisti, professor Şəfiqə Məmmədova bu vəzifə üçün ən layiqli namizəddir və onun sədrliyi bərpa olunacaq."
Qeyd edək ki, bir müddət əvvəl ittifaqda keçirilən toplantıda Əli İsa Cabbarovun sədr seçildiyi elan olunsa da, Əbdül Mahmudov bu seçkinin nizamnaməyə zidd, kvorum olmadan və tələm-tələsik təşkil edildiyini iddia edib. O, hazırda Ədliyyə Nazirliyi və Hesablama Palatası kimi müvafiq dövlət qurumlarının ittifaqda ciddi araşdırmalar apardığını bildirib.