İsrail hökuməti guya 1915-ci ildə Osmanlı tərəfindən törədilmiş “erməni soyqırımı”nı tanımağa hazırlaşır. Əslində, buna yalnız tarixi bilməyənlər təəccüblənir. Çünki ötən əsrdə Osmanlını çökdürən faktorlar arasında erməni və yəhudi hərəkatları mühüm rol oynamışdı.
Erməni hərəkatı haqda ictimaiyyətimiz kifayət qədər məlumatlıdır. Birinci Dünya Müharibəsində Türkiyə Almaniya ilə bərabər Antantaya (Britaniya, Fransa, Rusiya) qarşı savaşırdı. Ermənilər də Rusiyaya dəstək olaraq Osmanlının içində qiyam edir, Rusiya ilə bərabər Osmanlıya qarşı vuruşurdular.
Oxşar fəaliyyəti Britaniyanın dəstəyi ilə sionistlər də Osmanlıya qarşı edirdi. Məqsəd Fələstində İsrailin yaradılması idi. Xatırladıram ki, o zaman Fələstin Osmanlı ərazisi idi və ərəblər orada əksəriyyəti təşkil edirdi. Antantanın Birinci Dünya Müharibəsində rəsmi məramlarından biri də Fələstinin “azad edilməsi” idi. Sionistlər Osmanlıya qarşı nəinki təbliğat aparır və Britaniyanın xeyrinə cəsusluq edirdilər. Britaniya ordusununun tərkibində Osmanlıya qarşı Fələstinin “azadlığı” üçün vuruşan “Yəhudi Legionu” da var idi.
Sionistlərin Osmanlının çökməsində rolu təkcə bununla bitmirdi. Hələ XIX əsrin sonlarında Osmanlıda “Gənc türklər” hərəkatı yarandı. Onun sıralarında Saloniki (Yunanıstan) yəhudiləri (“dönmələr”) xüsusi rol oynayırdılar. Bu hərəkat Osmanlını islam dövləti deyil, türkçü dövlət kimi görürdü. Bu da Osmanlının parçalanmasına hesablanmışdı. Belə ki, Osmanlının hətta müsəlman əhalisi, ilk növbədə ərəblər və kürdlər türkçülüyü ideologiyası elan etmiş dövlətə qarşı çıxırdılar. “Gənc türklər” hökuməti Osmanlını Birinci Dünya Müharibəsinə qatdı və məğlubiyyətə, çökməyə məhkum etdi. Keçmiş “gənc türkçü” Atatürk (o da Salonikidə doğulmuşdu) bütün dünya türklərini birləşdirəcək türkçülükdən imtina edərək imperiyanın qalıqlarında kiçik Türkiyə Cümhuriyyətini qurdu. Orada türkçülük dedikdə sırf Türkiyə vətəndaşlığı başa düşülürdü və bu ideologiyanın da qurulmasında sionist xadimlər mühüm rol oynadılar. Bir sözlə, sionistlər daxildən də Osmanlını (Türkiyəni) müsəlman aləmindən uzaqlaşdırdılar.
Fələstin isə Britaniyanın ərazisi oldu və İkinci Dünya Müharibəsindən sonra orada sionistlər yerli əhalinin başına oyun açaraq İsraili yaratdılar. Bu gün də Osmanlı ərazisində yaradılmış bu dövlət “erməni soyqırımı”nı tanımağa hazırlaşır. Niyə təəcüblənək ki? Məgər Osmanlını ermənilər sionistlərlə birgə çökdürmədimi?..