Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanın xarici siyasətdə balanslı mövqe tutmağa çalışdığını bildirib.
O, News365.az-a açıqlamasında qeyd edib ki, rəsmi İrəvan hazırkı mərhələdə nə Rusiyadan tam uzaqlaşa, nə də sürətlə Avropaya inteqrasiya edə bilir.

Deputatın sözlərinə görə, Rusiya artıq regiondakı proseslərdə əvvəlki qədər güclü təsir imkanlarına malik olmadığını anlayır:
“Rusiya hətta özünün ən güclü olduğu enerji sahəsində belə məhdudiyyətlərlə üzləşir. Enerji resurslarının satışına qoyulan qadağalar göstərir ki, Moskva iqtisadi baxımdan təzyiqlərlə qarşılaşır. Bu da onun regiondakı təsir imkanlarını zəiflədir”.
Hikmət Babaoğlu hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hazırda seçdiyi siyasi kurs mövcud şərait üçün ən uyğun taktikalardan biridir:
“Paşinyan nə Rusiyadan birdəfəlik uzaqlaşır, nə də tam şəkildə Avropaya yaxınlaşır. Çünki Ermənistanın qısa müddətdə Avropaya inteqrasiyası üçün real mexanizmlər mövcud deyil. Buna görə də o, bu prosesi mərhələli və ehtiyatlı şəkildə aparmağa çalışır”.
Deputat bildirib ki, həm Ermənistan rəhbərliyi, həm də Rusiya bu prosesin yekun nəticəsinin İrəvanın Avropaya inteqrasiyası ola biləcəyini anlayır:
“Rusiya da artıq yeni vəziyyətə uyğunlaşmağa başlayır. Hazırda Moskvanın bu prosesə ciddi şəkildə mane olmaq imkanları məhduddur. Düşünürəm ki, yaxın illərdə regionda daha fərqli siyasi mənzərə formalaşa bilər”.