İranın daxili siyasi xəttində və xarici siyasətində, xüsusilə son bəyannamənin imzalanmasından sonra ciddi gərginliklər müşahidə olunur. Ölkə daxilində Məhəmməd Baqir Qalibaf, Prezident Məsud Pezeşkan və Xarici İşlər naziri Abbas Əraqçiyə qarşı total bir kampaniya başladılıb.
Bu barədə News365.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

Politoloq qeyd edib ki, mövcud hökumət qolları İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) kifayət qədər ehtiyat edir və qorxur:
"Hazırda bu üç şəxsə və onların komandasına qarşı çox açıq, total bir mübarizə gedir. Onlar daxildə 'düşmən' və 'xəyanətkar' kimi təqdim olunurlar. Hökumət rəsmiləri isə həm özlərini, həm də mövqelərini SEPAH-ın təzyiqlərindən qorumaq üçün beynəlxalq danışıqlarda qəsdən daha sərt və əks mövqe nümayiş etdirməyə məcbur olurlar."
Nüvə proqramı ətrafındakı ziddiyyətlərə toxunan ekspert ABŞ və İran tərəfinin açıqlamalarındakı fərqliliyi SEPAH qorxusu ilə əlaqələndirib:
"ABŞ tərəfi bildirir ki, İranın nüvə zənginləşdirməsindən imtinası və həmin ehtiyatların ölkədən çıxarılması və ya məhv edilməsi məsələsi artıq yekunlaşıb. Amma rəsmi Tehran daxili auditoriyaya və SEPAH-a hesablanmış subbəyannamələrində bunun heç müzakirə mövzusu olmadığını iddia edir. Çünki nüvə proqramından imtina SEPAH-ın hakimiyyət daxilindəki xərçəng kimi yayılmış təsir gücünün sıradan çıxması deməkdir".
Anar Əliyev SEPAH-ın beynəlxalq müstəvidəki addımlarının arxasında maraqlı məqamların dayandığını vurğulayıb:
"SEPAH ilə ABŞ arasında birbaşa əlaqə olmaya bilər, amma İsraillə əlaqə var. Bu gün SEPAH məhz öz addımları ilə İsrailin Yaxın Şərqdəki böyük planlarını reallaşdırmasına şərait yaradır. Məsələn, ABŞ-la İran arasında danışıqlar getdiyi, memorandum imzalandığı və yekun saziş üçün 60 günlük müddətin formalaşdığı bir vaxtda SEPAH prosesi bilərəkdən baltaladı. Həmin ərəfədə ABŞ ilə İsrail arasında müəyyən fikir ayrılığı yaranmışdı. Lakin SEPAH-ın Hindistan və Sinqapurun ticarət gəmilərinə qarşı təşkil etdiyi dron hücumları və buna cavab olaraq ABŞ Mərkəzi Komandanlığının İran ərazilərinə zərbələr endirməsi regionda münasibətləri yenidən kritik həddə çatdırdı".