Yaxın Şərqdə gərginliyin azalması fonunda Hörmüz boğazında yük gəmilərinin hərəkəti yenidən intensivləşib.
Gəmi daşımalarını izləyən Kpler şirkətinin təhlilinə əsasən, son dörd gün ərzində strateji əhəmiyyətə malik boğazdan 124 yük gəmisi keçib. Bu göstərici İran ətrafında yaranmış gərginlikdən əvvəlki dövrlə müqayisədə demək olar ki, eyni səviyyəyə çatıb.
Məlumata görə, statistikaya neft tankerləri, toplu yük gəmiləri, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) daşıyan gəmilər daxil edilib. Konteyner daşıyan gəmilər isə hesablamaya daxil olunmayıb.
Qeyd edək ki, bir müddət əvvəl ekspertlər Hörmüz boğazında gəmiçiliyin tam bərpasının aylarla davam edə biləcəyini, buna səbəb kimi isə mümkün mina təhlükəsinin aradan qaldırılması prosesini göstərirdilər. Lakin son göstəricilər dəniz nəqliyyatının gözləniləndən daha sürətlə normallaşdığını göstərir.
News365.az