ABŞ-da “907-ci düzəliş” yenidən gündəmdə: ləğv ehtimalı müzakirə olunur
ABŞ Konqresində Azərbaycana münasibətdə tətbiq edilən Azadlığa Dəstək Aktının “907-ci düzəlişi”nin tam ləğvi məsələsi yenidən aktuallaşıb. Müzakirələr fonunda sözügedən təşəbbüsün həmmüəlliflərindən olan respublikaçı konqresmen Abraham Hamade hazırda Bakıda səfərdədir.
Son aylarda ABŞ Konqresində bir sıra respublikaçı qanunvericilər də bu təşəbbüsə dəstək veriblər. Eyni zamanda, Yaxın Şərqdə baş verən son hadisələr “907-ci düzəliş”in yaxın vaxtlarda tamamilə aradan qaldırılması ehtimalı ilə bağlı müzakirələri artırıb.
Mövzu ilə bağlı News365.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə Yaxın Şərqdəki proseslərlə “907-ci düzəliş”in mümkün ləğvi arasında birbaşa əlaqə görmədiyini bildirib.
“Bu proseslərin bir-birinə bağlı olduğunu düşünmürəm”, – deyə o qeyd edib.
Sabiq nazirin fikrincə, yaxın dövrdə düzəlişin tam ləğvi real görünmür. O bildirib ki, məsələ ilə bağlı müəyyən addımlar atılsa da, ABŞ-də qarşıdan gələn siyasi proseslər Konqresin diqqətini başqa istiqamətlərə yönəldib:
“Bu istiqamətdə fəaliyyət var. Lakin noyabr ayında keçiriləcək aralıq seçkilər səbəbindən Nümayəndələr Palatasının tərkibində dəyişikliklər gözlənilir. Hazırda konqresmenlərin əsas diqqəti də məhz seçki proseslərinə yönəlib”.
Tofiq Zülfüqarov əlavə edib ki, həm respublikaçılar, həm də demokratlar arasında “907-ci düzəliş”lə bağlı fərqli yanaşmalar mövcuddur:
“Hər iki siyasi düşərgədə müxtəlif mövqelər var. Buna görə də yaxın zamanda bu məsələnin Konqresin əsas gündəminə çevriləcəyini düşünmürəm. Ən azı, hazırda bunu göstərən konkret məlumat yoxdur”.
News365.az