2020-ci ilin noyabr ayında başa çatmış II Qarabağ müharibəsindən sonra, daha dəqiq desək, 2021-ci ilin fevral ayından etibarən intensiv şəkildə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb.
News365.az xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Sədr qeyd edib ki, 2025-ci ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülüb:
"Bu kontekstdə həmin ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib".
Əli Nağıyev qeyd edib ki, sözügedən ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsində 342 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib:
"Bundan başqa, I Qarabağ müharibəsində həlak olmuş və respublikanın 20 şəhər və rayonunun ərazisində yerləşən 31 qəbiristanlıqda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından 210 nəfərə aid meyit qalığı ekshumasiya edilib".