80 il gizlədilən həqiqət: SSRİ atom bombasını BELƏ YARADIB - SENSASİON DETALLAR

80 il gizlədilən həqiqət: SSRİ atom bombasını BELƏ YARADIB - SENSASİON DETALLAR
12:44

SSRİ Nazirlər Soveti 1946-cı il iyunun 21-də ilk sovet atom bombalarının hazırlanmasına başlanılması haqqında taleyüklü qərar qəbul etmişdi. Bu hadisədən 80 il sonra həmin qərarda müəyyən rəmzi məna görmək mümkündür. Belə ki, RDS-1 və RDS-2 atom bombalarını istehsal edən konstruktor bürosu və zavodlar vaxtilə Rusiyanın ən hörmətli şəxslərindən biri olan Serafim Sarovskinin fəaliyyət göstərdiyi Sarov monastırının ərazisində yerləşdirilmişdi.

1946-cı il aprelin 9-da SSRİ Nazirlər Sovetinin Akademiyanın 2 saylı laboratoriyası nəzdində nüvə bombasının hazırlanması üçün xüsusi konstruktor bürosunun yaradılması barədə qərarı qəbul edilərkən, yəqin ki, heç kim bu addımın simvolik tərəfini düşünmürdü. Əsas məqsəd nüvə yanacağı istehsal edən müəssisələrdə olduğu kimi, məxfilik baxımından əlverişli, casusların nüfuz etməsinin çətin olduğu, eyni zamanda müəyyən istehsal bazasına malik ərazinin seçilməsi idi.

Sovet atom layihəsinin əsas rəhbərləri - İqor Kurçatov, İsaak Kikoin, Boris Vannikov, Mixail Pervuxin və Avraam Zavenyaginin İosif Stalinə təqdim etdikləri məruzədə qeyd olunurdu ki, işlərin xüsusi məxfiliyini nəzərə alaraq, atom bombasının hazırlanması üçün laboratoriyalar və eksperimental emalatxanalarla təchiz edilmiş xüsusi konstruktor bürosunun meşələrlə əhatələnmiş, təcrid olunmuş ərazidə yaradılması qərara alınıb.

Bu məqsədlə SSRİ Baş Tikinti İdarəsinin 112 saylı bazası keçmiş Sarov monastırında yerləşdirildi. Ərazi Ryazan vilayəti, Qorki vilayəti və Mordoviya sərhədlərinin yaxınlığında yerləşirdi. Müharibə illərində burada artilleriya mərmiləri üçün korpuslar istehsal edən 550 saylı zavod fəaliyyət göstərmişdi.

Bir zamanlar Bakıda çalışmış Kurçatov SSRİ-ni atom bombası ilə xilas edib

İqor Kurçatov

Tikinti işləri sıx meşəlik ərazidə başladı. Laboratoriyalar, sınaq stendləri, yaşayış evləri, enerji obyektləri və digər infrastruktur yaradıldı. Eyni zamanda ciddi mühafizə sistemi quruldu. Sonradan məxfi sənədlərdə KB-11 adlandırılan konstruktor bürosunun ilk binaları keçmiş monastır təsərrüfatının tikililərində yerləşirdi.

KB-11-in rəhbərliyinə atom bombasının baş konstruktoru kimi Yuli Xariton, direktor vəzifəsinə isə Pavel Zernov təyin edildi.

Yuli Xariton nüvə partlayışının əsas parametrlərini hələ 1940-cı ildə həmkarı Yakov Zeldoviçlə birlikdə hesablamışdı. 1943-cü ildə Sovet atom layihəsini həyata keçirmək üçün Akademiyanın 2 saylı laboratoriyası yaradılarkən, onun rəhbəri İqor Kurçatov məhz Xaritonu layihəyə cəlb etməkdə tərəddüd etməmişdi.

Nüvə bombasının yaradılması zahirən sadə görünürdü: iki subkritik uran-235 və ya plutonium-239 hissəsinin birləşdirilməsi zəncirvari reaksiyanı işə salırdı. Lakin bunun arxasında saysız-hesabsız elmi suallar dayanırdı. Partlayış dalğasının təzyiqi, materialların yüksək təzyiq altında davranışı, müxtəlif partlayıcı maddələrdə detonasiya sürəti və digər problemlərin həlli üçün minlərlə eksperiment aparılırdı.

Pavel Zernov isə SSRİ sənayesinin ən bacarıqlı təşkilatçılarından biri hesab olunurdu. Moskva Ali Texniki Məktəbini mühəndis-mexanik ixtisası üzrə bitirən Zernov qısa müddətdə yüksək vəzifələrə yüksəldi. Müharibə illərində pulemyot istehsalını dəfələrlə artırdı, tank zavodlarının köçürülməsi və yenidən qurulmasına rəhbərlik etdi, SSRİ-nin tank sənayesinin əsas təşkilatçılarından birinə çevrildi.


Yuli Xariton

Rəsmi sənədlərdə 112 saylı baza “S” raket mühərriklərinin istehsalı ilə məşğul olan müəssisə kimi göstərilirdi. Bu isə məxfilik məqsədi daşıyırdı. Müəssisə əməkdaşları arasında RDS abreviaturasının müxtəlif izahları dolaşırdı. Onlardan biri “Raketnıy Dviqatel Stalina” (Stalinin raket mühərriki), digəri isə “Rossiya Delayet Sama” – “Rusiya özü edir” kimi şərh olunurdu.

Lakin bomba hələ hazır deyildi. Zernov yalnız nüvə obyektini deyil, faktiki olaraq bütöv bir şəhər qurmalı oldu. Sarov müxtəlif dövrlərdə Arzamas-16, Arzamas-75, Obyekt-550 və digər məxfi adlarla tanınırdı.

Burada yaradılan bütün struktur atom bombasının hazırlanması məntiqinə uyğun qurulmuşdu.

Layihə çərçivəsində:

- bombanın nəzəri əsasları Yakov Zeldoviç tərəfindən hazırlanırdı;
- plutoniumun kritik kütləyə qədər sıxılması üzrə işlərə Kirill Şelkin rəhbərlik edirdi;
- kritik plutonium kütləsini Georgi Flyorov müəyyənləşdirirdi;
- neytron alışdırıcısının yaradılması ilə Xariton və Şelkin məşğul olurdu;
- bombanın konstruksiyası Nikolay Duxov və Vladimir Alferov tərəfindən hazırlanırdı.

Bu məqsədlə KB-11 tərkibində elmi-tədqiqat sektorları, nəzəri şöbələr, eksperimental zavodlar və sonradan nüvə bombalarının seriyalı istehsalını həyata keçirən 551 saylı zavod yaradıldı.

Müharibədən əvvəl SSRİ-nin nüvə fizikası sahəsində fundamental elmi dünya səviyyəsində qabaqcıl mövqedə idi. Lakin bu sahədə çalışan mütəxəssislərin sayı çox az idi. Atom layihəsinin genişlənməsi ilə kadr çatışmazlığı kəskin hiss olunmağa başladı.

Bu səbəbdən alimlər və mühəndislər ölkənin müxtəlif elmi müəssisələrindən seçilərək Sarova gətirilirdi. Kadr seçimi ilə şəxsən Yuli Xariton məşğul olurdu.

Sərt məxfilik rejiminə baxmayaraq, Arzamas-16-da həyat şəraiti yüksək səviyyədə idi. Maaşlar yüksək, əlavə ödənişlər isə çox idi. Alimlər ən yüksək kateqoriya üzrə ərzaq kartları alır, xüsusi təminatla təmin olunurdular.

Təbiət də burada olduqca gözəl idi. Satis və Sarovka çayları üzərində göllər, çimərliklər, qışda xizək bazaları, yayda isə istirahət və piknik imkanları mövcud idi.

Alimlər burada özlərini yaradıcılıq baxımından sərbəst hiss edir, son dərəcə mürəkkəb və tarixi əhəmiyyətə malik problemlərin həlli üzərində böyük həvəslə çalışırdılar.

Ümumilikdə KB-11-də 4,5 mindən çox insan çalışırdı. Onlardan təxminən min nəfəri alim və mühəndis idi. Onların hər biri öz sahəsinin nadir mütəxəssisi sayılırdı.

İlk atom bombasının yaradılması

Layihə zamanı çoxsaylı texniki çətinliklər ortaya çıxırdı. Məsələn, yükün eyni anda partladılması üçün 32 detonatorun millisaniyə dəqiqliyi ilə sinxron işləməsi tələb olunurdu. Bu isə son dərəcə mürəkkəb texniki həllər tələb edirdi.

Minlərlə sınaq, hesablamalar və təcrübələr nəticəsində 1949-cu il aprelin 8-də ilk sovet atom bombası – RDS-1 tam hazır vəziyyətə gətirildi.

РДС-1: первая советская атомная бомба - ВСЕ ПИРЕНЕИ

RDS-1(İlk sovet atom bombası)

Uzunluğu təxminən 3 metr olan bu iri metal konstruksiya minlərlə detal və minlərlə çertyoj əsasında hazırlanmışdı.

Onun arxasında isə minlərlə insanın əməyi dayanırdı.

1949-cu ilin avqustunda RDS-1-in uğurlu sınağından sonra KB-11 əsas diqqəti termonüvə silahlarının hazırlanmasına yönəltdi. Hələ 1948-ci ildə deuteri əsaslı “superbomba” layihəsinin işlənib hazırlanması barədə göstəriş verilmişdi.

Mürəkkəb elmi axtarışlardan sonra SSRİ 1953-cü ildə termonüvə silahı yaratmağa nail oldu və bu sahədə ABŞ-ni qabaqladı.

Eyni zamanda Sarovda idarə olunan termonüvə sintezi istiqamətində tədqiqatlar aparılırdı. Məhz burada plazmanın toroidal maqnit sahəsində saxlanılması ideyası formalaşdı. Sonradan bu konsepsiya dünyada məşhur olan “tokamak” qurğularının əsasını təşkil etdi.

Bu gün Sarovda fəaliyyət göstərən Rusiya Federal Nüvə Mərkəzi – Ümumrusiya Eksperimental Fizika Elmi-Tədqiqat İnstitutu superkompüterlərin yaradılması, lazer texnologiyaları və elmin ən qabaqcıl istiqamətləri üzrə araşdırmalar aparır.

Sarovda yerləşən və vaxtilə KB-11 adı ilə tanınan müəssisə Sovet İttifaqının nüvə proqramının əsas mərkəzlərindən biri olub.

Bu gün həmin mərkəz Rusiyanın aparıcı elmi-tədqiqat komplekslərindən biri kimi fəaliyyətini davam etdirir və nüvə fizikası, yüksək texnologiyalar və fundamental elmin müxtəlif istiqamətləri üzrə işlər aparır.


Sizin reklam burada
Sizin reklam burada