Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana Şuşa qəsəbəsində, Boru Zavodu yolunda yerləşən üç təhlükəli döngədə tez-tez qəza şəraiti yaranır.
News365.az xəbər verir ki, sakinlərin sözlərinə görə, həmin döngələrdən keçərkən qarşıdan gələn nəqliyyat vasitələrini görmək mümkün olmur.
Görmə bucağının məhdud olması səbəbindən ərazidə dəfələrlə yol-nəqliyyat hadisəsi baş verib və hər an yeni qəza təhlükəsi mövcuddur.
Sakinlər problemin aradan qaldırılması üçün həmin döngələrdə yol hərəkəti təhlükəsizliyini artıran xüsusi yol güzgülərinin quraşdırılmasını təklif edirlər. Onların fikrincə, bu addım sürücülərin qarşıdan gələn avtomobilləri əvvəlcədən görməsinə imkan yaradacaq və qəzaların qarşısının alınmasına kömək edəcək.