Türkiyə gəmisinin vurulması ilə bağlı yeni iddia – Ekspertdən şərh

Türkiyə gəmisinin vurulması ilə bağlı yeni iddia – Ekspertdən şərh
11:35

Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinin vurulması beynəlxalq ictimaiyyətdə müxtəlif suallar doğurub. Hadisənin məqsədli hücum olub-olmaması ilə bağlı fərqli ehtimallar səsləndirilərkən, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl hesab edir ki, mövcud faktlar bunun qəsdən həyata keçirilən hücum olduğunu deməyə əsas vermir.

Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl News365.az-a açıqlamasında bildirib ki, Ukrayna müharibəsi fonunda Qara dənizdə mülki gəmilərin hədəfə alınması yeni hal deyil və bu cür hadisələr çox vaxt hərbi məqsəddən daha çox əməliyyat şəraitindən qaynaqlanır.


“Əgər hansısa gəminin hərbi yük daşıdığına dair şübhə yaranırsa, onu hədəfə almağa çalışırlar. İran tərəfindən Rusiyaya göndərilən yüklərin yalnız hava yolu ilə deyil, Xəzər dənizi vasitəsilə də daşındığı məlumdur. Bu marşrutlardan istifadə edilməsi ilə bağlı kifayət qədər məlumat var”, – deyə ekspert bildirib.

İlham İsmayıl xatırladıb ki, daha əvvəl də Ukrayna tərəfindən Rusiyaya məxsus bəzi kiçik gəmilər hədəfə alınıb.

“Bəzən dron operatorları gəminin hansı ölkəyə məxsus olduğunu və ya hansı bayraq altında üzdüyünü də görə bilirlər. Lakin əməliyyat zamanı əsas diqqət gəminin hansı yükü daşımasına və haradan hərəkət etməsinə yönəlir”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, Türkiyəyə məxsus gəminin vurulması da məqsədli addım kimi qiymətləndirilməməlidir.

“Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasından da məlum oldu ki, həmin gəmi hərbi yük deyil, meyvə daşıyırdı. Ukraynanın Türkiyəni vasitəçi kimi görmək istədiyini nəzərə alsaq, Ankaraya məxsus gəminin qəsdən hədəfə alınması məntiqi görünmür. Düşünürəm ki, bu, planlaşdırılmış hücumdan daha çox əməliyyat zamanı yaranmış yanlış qiymətləndirmənin nəticəsi ola bilər”, – deyə İlham İsmayıl vurğulayıb.

O əlavə edib ki, Qara dəniz və Azov dənizində müharibə başlayandan bəri yüzlərlə gəmi müxtəlif səbəblərdən zərər görüb.

“Son dövrlərdə Qara dənizdə 300-dən çox gəmi zərbə alıb. Bu zaman onların hərbi və ya mülki olması hər zaman düzgün müəyyən edilmir. Ona görə də Türkiyə gəmisinin vurulmasını da həmin prosesin davamı kimi qiymətləndirmək daha doğru olar”, – deyə ekspert bildirib.

İlham İsmayıl, həmçinin Rusiyanın hadisə ilə bağlı mövqeyini də birmənalı hesab etmədiyini bildirib.

“Rusiya tərəfinin məsələ ilə bağlı verdiyi açıqlama müəyyən suallar yaradır. Bu bəyanatı tam aydın və məntiqli hesab etmirəm”, – deyə ekspert fikrini yekunlaşdırıb.


Sizin reklam burada
Sizin reklam burada