Bu nəticə biznesin idarə olunması üzrə proqram təminatı hazırlayan "Gusto" şirkətinin 2025-ci ildə biznes quran 1 000-dən çox sahibkar arasında keçirdiyi sorğuda ortaya çıxıb.
Araşdırmaya görə, 2024-cü ildə qadınlar kişilərlə demək olar ki, eyni sayda biznes yaratsa da, 2025-ci ildə yeni yaradılan müəssisələrin yalnız 44%-i qadınların payına düşüb.
Bununla belə, nəsillər üzrə müqayisədə ən yüksək göstərici Z nəslinə aid qadınlarda qeydə alınıb. 2025-ci ildə biznes quran qadınların 47%-i Z nəslinin nümayəndələri olub. Bu göstərici bir il əvvəl 38% idi.
Biznes qurma göstəricisi Z nəslinin qadınları arasında 47% təşkil edib. X nəslinin qadınlarında bu göstərici 46%, Y nəslinin (millennial) qadınlarında 43%, II Dünya müharibəsindən sonrakı doğum artımı dövrünü əhatə edən "Baby Boomer" nəslinin qadınlarında isə 23% olub.
Araşdırma həmçinin göstərib ki, Z nəslinə mənsub qadın sahibkarlar arasında uşaqlı olanların payı kişilərlə müqayisədə xeyli yüksəkdir. Yeni biznes quran Z nəslindən olan qadınların təxminən 20%-i valideyndir. Eyni göstərici kişilər arasında 11% təşkil edir.
Sorğu iştirakçılarının cavablarına əsasən, qadınların 15%-i biznes qurmaq qərarında valideyn olmağın mühüm rol oynadığını bildirib. Kişilər arasında bu səbəbi göstərənlərin payı isə cəmi 1% olub.
Mütəxəssislər hesab edirlər ki, uşaq baxımı xərclərinin artması və iş-həyat balansını qorumaq istəyi daha çox qadını öz biznesini qurmağa sövq edir. Araşdırmada qeyd olunur ki, son illərdə yüksək uşaq baxımı xərcləri səbəbindən yüz minlərlə qadın əmək bazarını tərk edib və sahibkarlıq onlar üçün daha çevik iş modeli kimi ön plana çıxır.