Müasir texnologiyalar və qısamüddətli video platformaları cəmiyyətin mütaliə vərdişlərinə ciddi zərbə vurmaqda davam edir. Xüsusilə "TikTok" kimi sosial şəbəkələrin insanları kitabdan və dərin təfəkkürdən yayındırması artıq həyəcan təbili səviyyəsinə çatıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşid Məcid bu təhlükəli tendensiyaya diqqət çəkərək şəxsi təcrübəsini bölüşüb. Onun sözlərinə görə, platformanın mənfi təsiri hər yaş qrupunda, hətta ahıl nəslin nümayəndələrində də aydın görünür. Məlum olub ki, əvvəllər ayda üç kitab mütaliə edən 85 yaşlı anası telefonuna "TikTok" yükləndikdən sonra kitab oxuma tempini kəskin azaldıb və üç aya cəmi bir kitab bitirməyə başlayıb.
Rəşid Məcid vurğulayır ki, sosial şəbəkələrdə tirajlanan kontentlərin böyük əksəriyyəti primitiv məlumatlar, bayağı məzmun və dezinformasiyadan ibarətdir. Türkiyəli jurnalist Yılmaz Özdilin sosial mediada ifrat vaxt keçirməyi "beyin çürüməsi" kimi qiymətləndirdiyini xatırladan Məşhur jurnalist, qısa videoların insana heç bir mənəvi rahatlıq və ya düşüncə qazandırmadığını, sadəcə qiymətli zamanı mənimsədiyini bildirib.
Bu gün cəmiyyət böyük bir sınaq qarşısındadır: ani həzz mənbəyi olan faydasız videolar qarşısında kitabın, qəzetin və maariflənmənin arxa plana keçməsinə göz yumulmamalıdır. Mətbuat Şurasının sədri hesab edir ki, hələ deqradasiyanın qarşısını almaq mümkündür və bu tendensiyaya qarşı təcili çıxış yolları tapılmalıdır.