Müasir smartfonları gecəboyu enerji yığımında saxlamaq batareyanı zədələmir və keyfiyyətli sürətli enerji yığımı da akkumulyatorun ömrünü qısaltmır.
Bu barədə telekommunikasiya üzrə ekspert, "eQualitie" təşkilatının rəqəmsal texnologiyalar üzrə məsləhətçisi Oleksandr Qluşenko UNIAN-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, yeni akkumulyatorun tam boşaldılıb 100 faizədək doldurulmasının vacib olması ilə bağlı fikir köhnə nikel batareyalarına aid idi və müasir litium batareyalar üçün doğru deyil.
O qeyd edib ki, smartfonu gecəboyu enerji yığımında saxlamaqdan narahat olmağa ehtiyac yoxdur. Çünki müasir cihazlarda quraşdırılmış enerji idarəetmə kontrollerləri batareya 100 faizə çatdıqdan sonra cərəyanın verilməsini avtomatik dayandırır.
Oleksandr Qluşenko həmçinin bildirib ki, çoxfunksiyalı rejimdə işləyən bütün tətbiqləri davamlı şəkildə bağlamaq da faydalı deyil. Onun sözlərinə görə, tətbiqlərin hər dəfə yenidən işə salınması onların operativ yaddaşda qalmasından daha çox enerji sərf edir.
Ekspert vurğulayıb ki, keyfiyyətli sürətli enerji yığımı batareyaya zərər vermir, çünki smartfon temperaturdan asılı olaraq enerji qəbulunu özü tənzimləyir.
Batareyaya ən çox zərər verən nədir?
Oleksandr Qluşenkonun sözlərinə görə, müasir litium batareyaların əsas düşməni həddindən artıq qızma və batareyanın uzun müddət kritik enerji səviyyələrində işləməsidir.
Ekspert batareyanın enerji səviyyəsini mümkün qədər 20–80 faiz aralığında saxlamağı və istehsalçıların təqdim etdiyi batareyanın qorunması funksiyalarından istifadə etməyi tövsiyə edib.
O, həmçinin smartfon enerji yığımında olarkən ağır proqramlardan istifadə etməməyi və oyun oynamamağı məsləhət görüb. Çünki bu zaman həm enerji yığımı, həm də yüksək prosessor yükü cihazın ikiqat qızmasına səbəb olur.
Bundan əlavə, ekspert cihazın uzun müddət tam boş vəziyyətdə saxlanılmasının da batareyada kimyəvi aşınmanı sürətləndirdiyini bildirib.