Qarlı havada hərəkətin təhlükəsizliyini kim təmin etməlidir? - TƏHLİL

Qarlı havada  hərəkətin təhlükəsizliyini kim təmin etməlidir? - TƏHLİL
09:36
2024-cü ilin dekabrında Moskvaya, 2025-ci ilin yanvarında isə Almatıya səfərim zamanı güclü qar yağışının şahidi oldum. Xüsusilə Almatıda yağan güclü qar nəticəsində yolların tam təmizlənməsi mümkün deyildi. Bununla belə, nəqliyyatda ciddi problemlər və ya avtoqəzalar müşahidə etmədim. Səbəb isə aydındır: sürücülər qış şəraitində hərəkət etməyə həm fərdi hazırlıqlı idilər, həm də avtomobilləri mövsümə uyğun təchiz olunmuşdu. Qış təkərlərinə keçid etmək orada bir vərdişə, hətta bir məsuliyyət mədəniyyətinə çevrilib. İnsanlar bilir ki, vaxtında qış təkərlərinə sərf olunan vəsait onları daha böyük xərclərdən və qəzaların fəsadlarından qoruyur.
Son günlər Bakıda müşahidə olunan qarlı hava şəraitində isə tam əksini görürük. Yollarda sürət minimuma düşsə də, qəzaların sayı artır. Ən narahatedici məqam isə bəzi sürücülərin hazırlıqsızlıq və diqqətsizliklərini dövlət orqanlarının üzərinə atmağa çalışmasıdır. Bəli, kommunal xidmətlər yolların təmizlənməsi üçün maksimum səy göstərməlidir, lakin qarlı hava şəraitində təhlükəsiz hərəkət təkcə dövlətin deyil, hər bir sürücünün şəxsi məsuliyyətidir.
Məsələ ondadır ki, qış aylarında avtomobil idarəçiliyi ayrıca bir bacarıq tələb edir. Bu bacarığı inkişaf etdirmək isə hər bir sürücünün fərdi borcudur.
Qarlı hava şəraitində yol təhlükəsizliyinin təmin edilməsi üçün dövlət qurumları ilə yanaşı, sürücülər də üzərlərinə düşən məsuliyyəti dərk etməli və ona uyğun davranmalıdırlar. Çünki təhlükəsizlik – birgə səylərin nəticəsində formalaşır.
Aqil Məmmədov, ekspert

Sizin reklam burada
Sizin reklam burada