Yoldaşlıq oyununda hakim yerə yıxılıb və oyunu tərk etmək məcburiyyətində qalıb.
Mets və Niderlandın Fortuna Sittard klubları arasında keçirilən yoldaşlıq oyununda baş verən kütləvi mübahisə zamanı baş hakim yerə yıxılıb və zədə aldığı üçün oyunu davam etdirə bilməyib.
Fransanın II Liqasının yeni mövsümünə hazırlıq çərçivəsində keçirilən görüşdə Mets ötən mövsüm Niderland çempionatını 11-ci yerdə başa vuran Fortuna Sittard ilə qarşılaşıb. Forbak şəhərindəki Şlossberq stadionunda keçirilən matçın ilk hissəsinin sonlarında Fransa təmsilçisi 1:0 hesabı ilə öndə olarkən meydanda dava düşüb.
Mets futbolçularından biri rəqib komandanın oyunçusunun formasından çəkdikdən sonra hər iki komandanın futbolçuları arasında gərginlik sürətlə artıb. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq istəyən görüşün baş hakimi xanım Demonkay oyunçuları sakitləşdirmək üçün hadisə yerinə yaxınlaşıb.
Futbolçuları ayırmağa çalışarkən hakim oyunçuların toqquşması nəticəsində yerə yıxılıb. Görünür, futbolçular onu görməyiblər. Xanım Demonkay uzun müddət yerdə qalıb və təhlükəsizlik əməkdaşları meydana daxil olaraq vəziyyətə müdaxilə ediblər.
Bir neçə dəqiqəlik fasilədən sonra onu başqa hakim əvəz edib, Demonkay isə yan hakim kimi fəaliyyətini davam etdirib.
İnsidenti başlatdığı bildirilən Cessi Deminge və Zee Fuik sarı vərəqə alıblar. Maraqlıdır ki, bu hadisə tribunaların birində “Hakimə hörmət edin” şüarının yazıldığı bannerin qarşısında baş verib.
Xanım Demonkay isə qolundan zədə aldığı üçün fasilədən sonra meydanı tamamilə tərk edib.
Görüş Mets komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.