Yeni din, yeni "Kəbə" yaradılır- Tural İrfan yazır

Yeni din, yeni "Kəbə" yaradılır- Tural İrfan yazır
09:46
Yəqin ki, xəbəriniz var, təzə yaranmış "din"dən? "Əhmədi sülh və nur dini" adlı şəbəkə ən azı TikTok platformasında at oynadır. Söylədikləri bir çox cəfəngiyyatdan biri də guya əsl Məkkənin və Kəbənin İordaniyanın Petra şəhərində olması inancını təbliğ etmələridir.
Və Trampın Qəzza əhalisini İordaniyaya köçürmək planını bilirsiniz. Urdun kralının da buna razı olması məlumdur.
Səudiyyə Ərəbistanında Cennifer Lopezin Kəbə maketinin üzərində yarıçılpaq şəkildə konsert verməsini də gördünüz. Əlifbanın latına keçməsi, qumarxanar açılması, spirtli içkilərə izn verilməsi və tədricən Ərəbistanın Dubaya çevrilməsi...
Belə olduğu halda Kəbəni İordaniyaya köçürmək lazım gəlir. Buna da hazırlıq üçün iraqlı bir qəqəni tapıb ingilis dili öyrədib salıblar ortaya, asma ki, bu İmam Mehdidir, zühur edib... Və sən demə əsl Kəbə İordaniyadaymış, 1400 ildir müsəlmanların hamısı aldadılıbmış.
Bunların haqqında ona görə belə danışıram ki, bu din deyil. Bir neçə Qərb dövlətinin hazırladığı agentura şəbəkəsidir, maliyyə buraxıb səpələyiblər müsəlman ölkələrinə ki, yeni ideyanı yaysınlar. Yoxsa ki, həqiqi din olsaydı, bütün dinlərə və məzhəblərə dözümümüz var.
Artıq müsəlmanlar arasında bu yeni "dinin" tərəfdarları artır və hətta ölkəmizdə də təbliğatlarını davam edirlər, kanal açıblar, TikTok şəbəkəsində hər gün canlı yayınlar edərək insanları özlərinə çəkirlər.
Səud hökuməti Ərəbistanda demək olar ki, şirk adı altında İslama aid olan bütün tarixi abidələri ya dağıdıb ya da şikəst edib. Amma bircə yerə toxunulmayıb, əksinə dəmir hasar çəkilib qorunur. Ora Xeybər qalalarıdır ki, "böyük İsrail" qurulanda lazım olacaq...
Kəbənin, daha doğrusu bütünlüklə Məkkənin köçürülməsi planını icra etmək üçün siyasi qərarlar, başqa cür təkliflər müsəlmanları qane etməzdi. Bunun üçün mütləq bir "din" yaradıb, o "din"in diliylə təbliğat vasitəsi ilə tədricən icra etmək lazımdır.
Artıq bir azdan bu dinin tərəfdarları İordaniyada, Petra şəhərində Həcc icra etməyə başlayacaqlar, qiymət də çox ucuz olacaq və onsuz da ad, şöhrət üçün gedənlərə də bu sərf edəcək. Səudiyyə Ərəbistanının həcc qiymətlərini ildən ilə az qala fantastik həddə bahalaşdırması da bununla bağlıdır.
Çünki məxfi razılaşmalar öz təzahürlərini nəticələrlə büruzə verir.
Vaxtilə vəhhabizm də oxşar situasiyada yaradılmışdı. İnanclı xalqları yeni inanc növü ilə, yeni din, yeni məzhəb vasitəsi ilə ram etmək etmək olur. Osmanlıdan ayrılmaq və digər müsəlmanlardan fərqlənmək, (din vasitəsi ilə birləşmək ehtimalını sıfıra endirmək üçün) radikal, digərlərini təkfir edən bir "təriqət" istehsal etdilər. Nailiyyət də əldə edildi.
Bu nümunəni fərqli və indiki dövrə uyğun şəkildə növbəti dəfə meydana gətirirlər.
Tural İrfan, ilahiyyatçı

Sizin reklam burada
Sizin reklam burada