Prezidentin sözləri Türkiyədə müzakirə yaratdı – Etibar Əliyevdən çağırış

Prezidentin sözləri Türkiyədə müzakirə yaratdı – Etibar Əliyevdən çağırış
22:15

Təhsil eksperti Etibar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin Türkiyənin bəzi dairələrində müzakirələrə səbəb olmasına münasibət bildirib.

Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı yazıda Prezident İlham Əliyevin Azərbaycanın silahları dünya bazar qiymətləri ilə aldığı barədə fikirlərinə diqqət çəkib.

Ekspert qeyd edib ki, Prezidentin səsləndirdiyi fikirlərin tarixi və siyasi baxımdan müəyyən mənbələri var.

“Bizim heç kimin köməyinə və ya himayəsinə ehtiyacımız yoxdur. Köməyə ehtiyacımız olanda heç kim bizə kömək etmədi. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmadı. Əldə etdiyimiz hər şeyi, o cümlədən bütün silahlarımızı – dünya bazar qiymətləri ilə, son gülləmizə qədər pulla aldıq. Heç kim bizə bir manat və ya bir dollar endirim etmədi. Bəzən hətta bizə dünya bazar qiymətindən bir neçə dəfə baha satırdılar və biz buna göz yummağa məcbur olduq”, – deyə o, Prezidentin fikirlərini xatırladıb.

Etibar Əliyev daha sonra Azərbaycanın müstəqilliyinin ilk illərinə toxunaraq, mərhum prezident Əbülfəz Elçibəyin Kəlbəcər hadisələri zamanı Türkiyədən helikopter istəməsi ilə bağlı açıqlamasını nümunə göstərib.

“Rəhmətlik Əbülfəz Elçibəy müsahibələrinin birində etiraf etdi: ‘Kəlbəcərdən dinc əhalinin çıxarılması üçün Türkiyədən 4 helikopter xahiş etdim, lakin vermədilər’. O zaman bunun ictimai rəyə təsiri niyə olmadı? O zamanlar dost və qardaş deyildik? Türkiyə Bəyi özününkü hesab etmirdimi?” – deyə ekspert suallar ünvanlayıb.

Ekspert fikirlərinin sonunda Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətinə diqqət çəkərək, iki ölkə arasındakı dostluq və qardaşlığın dəyişməz olduğunu vurğulayıb.

“Gözəl bir Afrika məsəli ilə fikrimi tamamlamaq istəyirəm: ‘Fillər döyüşəndə, zərər çəmənliyə dəyir’.

Çalışın ki, çəmənlik korlanmasın.

Dostluğumuz və qardaşlığımız əbədidir, daimidir və dönməzdir. Düşünürəm ki, Rəcəb Tayyib Azərbaycana gələndə yenə də Bəxtiyar Vahabzadənin sevdiyi şeirini söyləyəcək:

‘Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan – Türkiyə’”, – deyə Etibar Əliyev bildirib.


Sizin reklam burada
Sizin reklam burada