Yaradıcı gəncləri birləşdirən Creative Zone düşərgəsi başa çatıb

Yaradıcı gəncləri birləşdirən Creative Zone düşərgəsi başa çatıb
20 İyl 2026 23:35

İyulun 12–16-da Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi, “CAVAN” Gənclər Hərəkatının təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində keçirilən “Creative Zone” düşərgəsi gənclərə texnologiya və incəsənətin vəhdətini yaxından tanımaq imkanı yaradıb.

News365.az xəbər verir ki, 5 gün davam edən proqram çərçivəsində iştirakçılar süni intellekt  panellərində, innovativ mahnı yaradıcılığı, intellektual yarışlar, qəhvə sənəti və mini kətan üzrə vörkşoplarda iştirak edərək yeni biliklər qazanıb, yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, musiqili kvestlər, müxtəlif rəqs dərsləri və vokal müsabiqələri düşərgəyə rəng qatıb.

Layihə çərçivəsində dünya şöhrətli Azərbaycan xalq artisti Natiq Şirinov və

Natiq ritm qrupu gənclərin sualları cavablandırıb və “Ritm varsa, həyat var” sloqanı altında panel görüşdə iştirak ediblər. Eyni zamanda Azərbaycan Respublikasının xalq artisti Sabir Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti və “Yuğ” teatrının yaradıcılıq şöbəsinin müdiri Elçin Cəfərov, televiziya rejissoru Elçin Məmmədov, eləcə də istedadlı aktyorlar Eltəkin Xan, Niyaz İlyasoğlu və aktrisa Nigar Mürsəl düşərgədə iştirak edərək gənclərlə öz təcrübələrini bölüşüblər.

Düşərgə çərçivəsində keçirilən texnologiya və kino mövzulu kvestlər, idman turnirləri, tanınmış aktyorlarla görüşlər, kospley şousu və yumoristik səhnə çıxışları iştirakçılara əyləncə, rəqabət və komanda ruhunu bir arada yaşamaq imkanı yaradıb.

Yeni dostluqlar, zəngin təcrübələr və unudulmaz xatirələrlə yadda qalan “Creative Zone” düşərgəsi ocaq ətrafında keçirilən musiqili gecə ilə başa çatıb.


Sizin reklam burada
Sizin reklam burada