Mənzili hissə-hissə almaq sərfəlidirmi?- Ekspertdən vacib xəbərdarlıq

Mənzili hissə-hissə almaq sərfəlidirmi?- Ekspertdən vacib xəbərdarlıq
12:48

Daşınmaz əmlak bazarında mənzil almaq üçün tələb olunan ilkin kapitalın yüksək olması bir çox şəxsin bu sahəyə investisiya etməsini çətinləşdirir. Bu baxımdan mənzilin hissə-hissə alınması daha az vəsaitlə bazara daxil olmaq istəyənlər üçün alternativ seçim kimi nəzərdən keçirilə bilər. Lakin ekspertlər belə alışın yalnız qiymətə baxılaraq həyata keçirilməsinin ciddi risklər yarada biləcəyini bildirirlər.

Əmlak eksperti İlkin Məmmədkərimov News365.az-a açıqlamasında bildirib ki, bu model maliyyə imkanları məhdud olan şəxslərin daşınmaz əmlaka investisiya imkanlarını müəyyən qədər genişləndirə bilər.

Ekspertin sözlərinə görə, alıcı mənzilin bütün dəyərini birdəfəlik ödəmək əvəzinə, imkanına uyğun olaraq investisiyanı mərhələli şəkildə formalaşdırır. Bu üsul xüsusilə uzunmüddətli yatırım planlaşdıran şəxslər üçün maraqlı ola bilər.

Lakin Məmmədkərimov hesab edir ki, belə alış zamanı yalnız mənzilin və ya bir kvadratmetr sahənin qiymətinə diqqət yetirmək düzgün deyil:

“Əsas məsələ alınan payın hüquqi baxımdan alıcıya hansı imkanları verməsidir. Müqavilədə payın hüquqi statusu, onun gələcəkdə satılması, tam mənzilə çevrilməsi və digər hüquqlar aydın şəkildə göstərilməlidir. Eyni zamanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması məsələsinə xüsusi diqqət yetirilməlidir”.

Ekspertin fikrincə, bu modeldə nəzərə alınmalı əsas məqamlardan biri də likvidlikdir. Yəni investor sonradan aldığı payı və ya mənzili pula çevirmək istədikdə bunun nə dərəcədə asan olacağını əvvəlcədən hesablamalıdır.

“Daşınmaz əmlaka yatırılan vəsaiti qısa müddətdə pula çevirmək səhmlər və digər maliyyə alətləri ilə müqayisədə daha çətin ola bilər. Əgər məqsəd yalnız mənzilin gələcəkdə bahalaşmasından qazanc əldə etməkdirsə, investor ərazinin inkişaf perspektivlərini, bazardakı tələbi və qiymətlərin dəyişmə ehtimalını da araşdırmalıdır”, – deyə Məmmədkərimov bildirib.

Tikinti şirkəti ilə bağlı risklər də var

İlkin Məmmədkərimov tikintisi davam edən layihələrdə əlavə risklərin yarana biləcəyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, tikintinin nəzərdə tutulan müddətdə başa çatmaması, şirkətin öhdəliklərini yerinə yetirməməsi, sənədləşmə və mülkiyyət hüquqları ilə bağlı problemlər alıcı üçün ciddi maliyyə itkisinə səbəb ola bilər.

Ekspert vətəndaşlara mənzil almadan əvvəl reklam və ilkin qiymətdən daha çox müqavilənin şərtlərini, layihənin hüquqi sənədlərini və investisiyadan çıxış imkanlarını araşdırmağı tövsiyə edib.

Məmmədkərimov qeyd edib ki, tikintisi başa çatdırılmamış mənzillərlə bağlı müəyyən hallarda qabaqcadan dövlət qeydiyyatı mexanizminin tətbiqi də mümkündür.

“Bu səbəbdən hissə-hissə mənzil almaq kiçik kapitalla daşınmaz əmlak bazarına daxil olmaq üçün alternativ vasitə sayıla bilər. Ancaq bunu tamamilə risksiz investisiya kimi qəbul etmək olmaz. Alıcı yalnız ‘nə qədər kvadratmetr əldə edirəm?’ sualını deyil, ‘aldığım payın hüquqi statusu nədir və ehtiyac yarandıqda onu necə pula çevirə bilərəm?’ sualını da əvvəlcədən cavablandırmalıdır”, – deyə ekspert əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada