“Yayları dəyişdirilmiş avtomobillər yoldan kənarlaşdırılmalıdır” - AÇIQLAMA

“Yayları dəyişdirilmiş avtomobillər yoldan kənarlaşdırılmalıdır” - AÇIQLAMA
12:28

Avtomobilin zavod konstruksiyasına müdaxilə edilməsi, xüsusilə asqı sisteminin dəyişdirilməsi, həm nəqliyyat vasitəsinin texniki təhlükəsizliyinə, həm də yollarda hərəkətin ümumi təhlükəsizliyinə təsir göstərə bilər. Bu səbəbdən belə avtomobillərə nəzarətin daha sistemli aparılması vacibdir.

Nəqliyyat eksperti Raqif Raufoğlu News365.az-a açıqlamasında bildirib ki, avtomobilin yaylarına müdaxilə qanunla yolverilməz hesab edilirsə, belə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmalıdır.

Ekspertin fikrincə, pozuntu aşkarlanarkən avtomobilin dərhal cərimə meydançasına aparılması əvəzinə, problemin aradan qaldırılması üçün mərhələli mexanizm tətbiq edilə bilər.

Onun sözlərinə görə, yol polisi sürücüyə ilk dəfə xəbərdarlıq etməklə yanaşı, bu barədə məlumatı elektron sistemdə qeyd edə bilər. Beləliklə, həmin sürücü sonradan başqa ərazidə saxlanıldıqda, onun daha əvvəl eyni səbəbdən xəbərdar edildiyi sistemdən görünəcək.

Raufoğlu bunu xarici təcrübə ilə müqayisə edərək Gürcüstanda tətbiq olunan yanaşmanın nümunə kimi nəzərdən keçirilə biləcəyini deyib.

Ekspert qeyd edib ki, pozuntunun təhlükə səviyyəsindən asılı olaraq sürücüyə xəbərdarlıq edilməli və ya avtomobilin istifadəsi dərhal dayandırılmalıdır:

“Elə hallar var ki, həmin avtomobilin yolda hərəkəti dayandırılmalıdır. Bu zaman nəqliyyat vasitəsi cərimə meydançasına aparıla və problem məcburi şəkildə aradan qaldırıla bilər. Lakin daha səmərəli sistem qurmaq mümkündür. Məsələn, yol polisinin elektron sistemində sürücüyə verilən xəbərdarlıq ayrıca qeyd oluna bilər”.

Raufoğlu hesab edir ki, sürücü xəbərdarlıqdan sonra avtomobilin texniki problemini aradan qaldırmadıqda növbəti dəfə daha ciddi tədbir görülməlidir. Bu halda avtomobil cərimə meydançasına aparılaraq texniki nasazlığın aradan qaldırılması üçün xüsusi servisə yönləndirilə bilər.

Onun təklifinə əsasən, yol polisinin əməkdaşlıq etdiyi sertifikatlı servis məntəqələrinin siyahısı əvvəlcədən müəyyənləşdirilməlidir. Avtomobil həmin servislərdən birinə göndərildikdən sonra usta tərəfindən texniki problem aradan qaldırılmalı və görülən işlərlə bağlı rəsmi rəy təqdim edilməlidir.

Ekspert vurğulayıb ki, yalnız avtomobilin tələblərə uyğun vəziyyətə gətirildiyi təsdiqləndikdən sonra onun yenidən yola buraxılması məqsədəuyğundur.

“Yol polisi əvvəlcədən 20-30, hətta 50 etibarlı servis məntəqəsi müəyyənləşdirə bilər. Bu servislərin müvafiq sertifikatlara və peşəkar ustalara malik olması təsdiqlənməlidir. Avtomobillər həmin məntəqələrə yönləndirilə və servisin verdiyi arayış əsasında nəqliyyat vasitəsinin yenidən istismara buraxılmasına qərar verilə bilər”, – deyə Raufoğlu bildirib.

Onun fikrincə, belə bir mexanizmin tətbiqi həm sürücülərin məsuliyyətini artırar, həm də avtomobillərin texniki vəziyyətinə nəzarəti daha şəffaf və sivil formada həyata keçirməyə imkan verər.


Sizin reklam burada
Sizin reklam burada