Azərbaycana gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsi sadələşdirildi

Azərbaycana gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsi sadələşdirildi
12:18

Azərbaycana idxal olunan nəqliyyat vasitələri və digər mallarla bağlı gömrük nəzarəti və rəsmiləşdirilməsi prosedurlarında yeni, daha çevik qaydalar tətbiq edilir.

News365.az xəbər verir ki, Gömrük Məcəlləsinə edilən dəyişikliklər iyunun 19-da qəbul olunan qanun əsasında sentyabrın 3-dən qüvvəyə minib.

Yeni qaydalara əsasən, müəyyən hallarda gömrük prosedurları daha sürətli həyata keçiriləcək. Belə ki, mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti növbədənkənar aparıla, bəzi eyniləşdirmə vasitələri gömrük əməkdaşlarının iştirakı olmadan götürülə biləcək.

Bundan başqa, gömrük nəzarətində olan yüklərin yüklənməsi və boşaldılması üçün gömrük əməkdaşının iştirakı tələb olunmayacaq. Ayrı-ayrı hallarda malların daşınması üçün gömrük orqanının marşrut müəyyən etməsinə də ehtiyac olmayacaq.

Dəyişikliklər sahibkarların istifadə etdiyi anbarlara da aiddir. Belə ki, gömrük nəzarətində olan malların müvəqqəti saxlanması sahibinin istifadəsindəki anbarlarda təşkil edilə, idxal olunan mallar isə birbaşa həmin anbara göndərilə biləcək.

İxrac əməliyyatlarında da elektron prosedurlar genişləndirilir. Mallar barədə gömrük bəyannaməsi elektron formada təqdim edildikdən sonra onların birbaşa dövlət sərhədindən buraxılış məntəqəsinə göndərilməsi mümkün olacaq.

Rəsmiləşdirmədə də güzəştlər tətbiq olunacaq

Yeni mexanizm gömrük rəsmiləşdirilməsinin özündə də bir sıra üstünlüklər nəzərdə tutur.

Bəzi malların buraxılışı növbədənkənar və dərhal həyata keçiriləcək. Həmçinin müəyyən hallarda gömrük borcunun ödənilməsinə təminat tələb olunmayacaq.

İdxal edilən malların qısa idxal bəyannaməsi əsasında buraxılmasına da icazə veriləcək. Gömrük rəsmiləşdirilməsi ilə bağlı əməliyyatların Ticarətin Asanlaşdırılması Mərkəzlərində prioritet qaydada aparılması və malların sadələşdirilmiş bəyannamə ilə bəyan edilməsi də mümkün olacaq.

Xüsusi kateqoriyaya aid mallar üçün isə ayrıca yanaşma müəyyənləşdirilib. Döyüş təyinatlı silah-sursat, müdafiə və milli təhlükəsizlik məqsədilə alınan məhsullar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, media materialları, eləcə də dövlət qurumlarına və Mərkəzi Banka göndərilən müəyyən malların rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada aparılacaq.

Pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakət və digər fövqəladə vəziyyətlər zamanı zəruri olan mallar və nəqliyyat vasitələri üçün isə güzəştli və sadələşdirilmiş prosedurlar tətbiq ediləcək.

Bu qaydaların konkret mexanizmləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Məqsəd gömrük prosedurlarını daha çevik etməkdir

Dəyişikliklərin əsas məqsədlərindən biri xarici ticarət iştirakçıları üçün inzibati yükün azaldılması və gömrük prosedurlarının sürətləndirilməsidir.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov daha əvvəl bildirib ki, yeniliklər Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi, etibarlı tərəfdaşlıq institutunun inkişaf etdirilməsi və gömrük əməliyyatlarında müasir texnologiyaların tətbiqinə yönəlib.

Yeni sistem çərçivəsində multimodal daşımalar zamanı “bir elektron bəyannamə” prinsipinin tətbiqi, tranzit əməliyyatlarının rəqəmsallaşdırılması və beynəlxalq tranzit sistemlərinə inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur.

Həmçinin Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi planlaşdırılır.

Qaydaların yenilənməsi ilə gömrük nəzarətinin daha şəffaf və əsaslandırılmış şəkildə həyata keçirilməsi, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və sahibkarların üzərinə düşən inzibati yükün azaldılması hədəflənir.

Beləliklə, yeni dəyişikliklərin gömrük xidmətlərinin daha operativ göstərilməsinə, xarici ticarətin asanlaşdırılmasına və Azərbaycanın tranzit-logistika imkanlarının gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada